Close

Əli Kərimli də Novruz ağanın qohumudur? – AXCP sədri yenə nokauta düşəcək

Ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirilir. Azərbaycan Xalq Cəbhəsi Partiyası son illərdəki “ənənəsinə” sadiq qalaraq, bu seçkiləri də boykot etməyə hazırlaşır. Xalqdan dəstək ala bilməyəcəyindən adı kimi əmin olan Əli Kərimli hər dəfə Azərbaycanda azad seçki mühitinin olmadığını bəhanə edərək seçkilərə qatılmır. Hər seçki ərəfəsində özünəməxsus bəhanələr uyduran Əli Kərimli indi də deyir ki, bəs, yayın cırhacırında seçki keçirmək olmaz. Deməli, bu bəyin məntiqinə görə, qışda soyuq, yayda isti, yazda qanın oyanan vaxtı olduğundan, payızda isə xalq qışa hazırlaşdığından seçki keçirilməsi məqsədəuyğun deyil. İndi bilmirsən ki, bu diletanta nə cavab verəsən. Milli və siyasi kimliyini çoxdan itirən bloger Kərimli belə absurd fikirlərlə ictimaiyyəti çaşdırmağa çalışır. Amma əbəsdir. Bu adamların iç üzü çoxdan açılıb və xalqımız onları yaxşı tanııyır. Belə adamlara rəhmətlik Mirzə Cəlil zırrama deyirdi. Cəlil Məmmədquluzadənin “Zırrama” əsərini oxusanız görərsiniz ki, Novruz ağanın qardaşı oğlu obrazı Əli Kərimlinin boyuna biçilib.

Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası növbədənkənar seçkilərin keçirilməsinin zəruriliyini əsaslandırıb və Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərin 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir. Həm bu mühüm beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili, həm də həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi nəzərə alınaraq növbədənkənar seçkilər təyin edilib.

Yenə Əli Kərimlinin məntiqinə görə, beynəlxalq tədbirlər parlament seçkilərinin keçirilməsinə mane olmurmuş. Yəni Azərbaycan noyabrın 3-də seçkiləri, ayın 11-dən isə beynəlxalq tədbirləri keçirə bilərmiş. Əslində adam nə dediyinin fərqindədir. O yaxşı bilir ki, belə mötəbər tədbirlərə hazırlaşmaq vaxt tələb edir, həm parlament seçkilərini, həm də beynəlxalq tədbirləri eyni vaxtda keçirmək olmaz. Sadəcə ona belə diqtə olunub, bloger Kərimli də tutuquşu kimi ona əzbərlədilənləri təkrarlayır.

AXCP sədri belə görüntü yaratmağa çalışır ki, guya Azərbaycanda xalqı təkcə düşünən odur, müxalifət də onlardır. Sanki Azərbaycanda başqa müxalifət partiyası yoxdur. Bəli, Azərbaycanda AXCP qədər milli maraqları heçə sayan, Qərbin kuklasına çevrilmək üçün dəridən-qabıqdan çıxan, ölkədəki ictima-siyasi sabitliyi pozmağa, iqtidarın həyata keçirdiyi nəhəng işlərə kölgə salmağa cəhd edən başqa siyasi partiya yoxdur. Onlar üçün hakimiyyətə gedən bütün yollar mübahdır. Azərbaycan xalqı Kərimlinin heç umurunda da deyil. Necə ki, 90-cı illərin əvvəllərində bu xalqın maraqları onların vecinə deyildi, bu gün də elədir. Əli Kərimlinin missiyası Azərbaycan iqtidarının uğurlarına kölgə salmaq, bu uğurları əldə edən dövlət məmurlarını ləkələmək, öz işinin öhdəsindən gələ bilməyən bəzi məmurlardan narazı qalan 5-10 nəfəri şişirdib, guya xalqın iqtidardan narazılığı kimi təqdim edərək, şou göstərməkdir. O, Qənimət Zahidlə qurduğu məzhəkə şoularına, teatr tamaşalarına görə Qərbdən babat qonorar alır. Yəni, bir sözlə, adam aktyorluq istedadının bəhrəsini görür.

Heç bir “fürsəti” qaçırmayan AXCP sədri dünən tələm-tələsik Tarif Şurasının qərarını “şərh edib”, bu qiymət tənzimlənməsini də Azərbaycanda azad seçki mühitinin olmaması ilə əlaqələndirib. Prezident İlham Əliyev dəfələrlə sübut edib ki, nəyi, necə və nə vaxt edəcəyini ondan yaxşı heç kim bilmir. Yaxın zamanlarda Azərbaycanda əməkhaqqı, pensiya artımları olanda Əli Kərimli yenə nokauta düşəcək. Bu qədər nokauta düşənin gərək adam içinə çıxmağa üzü olmaya. Adam hər dəfə uduzur, amma nəticə çıxarmır. Deyirəm, insanda abır, həya yaxşı şeydir.

Tural Səfərov