Close

Tanınmış ekspertlərdən seçki açıqlaması – Kimlər deputat olmaq istəyir?

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Xatırladaq ki, 2020-cil il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində rekord sayda namizəd qeydı alınmışdı. Maraqlıdır, qarşıdan gələn seçkilərdə vəziyyət necə olacaq? Müxtəlif sahələrdə tanınmış ekspertlərdən kim namizədliyini irəli sürəcək?

Sabiq maliyə naziri, professor Fikrət Yusifov seçkilərə qatılmaq niyyətindədir.

fy

Professor TNS-ə deyib ki, 6 ildən artıq müddətdə ölkənin Maliyyə Nazirliyinə rəhbərlik etməklə yanaşı, Heydər Əliyev idarəçilik məktəbini keçib: “Özümü o məktəbin məzunu hesab edirəm. Parlamentdə 10 dəfədən çox dövlət büdcəsini müdafiə edib, qəbuluna nail olmuşam. Ölkənin büdcə, xəzinədarlıq, vergi, bank, gömrük sistemlərinin qurulmasında əsas şəxslərdən biri olmuşam. Azərbaycanda büdcədən ilkin namizədlik və doktorluq dissertasiyasını Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində müdafiə etmişəm. On ildən artıq Rusiyanın ən aparıcı ali məktəbinin “Maliyyə” kafedrasının professoru olmuşam. 2014-cü ilin sonlarından bu günə qədər isə aktiv şəkildə mətbuatda və telekanallarda çıxışlar edirəm. On ilə yaxın bir müddətdə 6 mindən çox araşdırma və açıqlamalarım yerli, xarici mətbuatda dərc olunub. Bu araşdırma və açıqlamalarda irəli sürdüyüm onlarla təklif hökumətin qəbul etdiyi müxtəlif hüquqi aktlarda öz əksini tapıb.

Bütün bu söylədiklərimin fonunda parlament müstəvisindən dövlətimizə və xalqımıza daha çox fayda verə biləcəyimə inanıram”.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu seçkilərin vaxtının təyin olumasından əvvəl namizədliyini irəli sürəcəyini açıqlamışdı.

2

Mərkəz rəhbəri TNS-ə deyib ki, parlamentin tərkibinin dəyişilməsinə, daha keyfiyyətli Miilli Məclisə ehtiyac var: “Dövlət olaraq, iki hədəfimizdən birinə çatmışıq. Ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etmişik.

İndi artıq ikinci hədəfimizi həyata keçirməyə çaışmalıyıq. Bu da insanların sosial rifahının yüksəldilməsi, maaşların, müavinətlərin atırılması, sosial problemlərin həlli və s.dir. Məsələn, elə etmək lazımdır ki, kəndlilər yetişdirkləri məhsulları normal qiymətə sata bilsinlər, hər bir vətəndaş keyfiyyətli təhsil alsın. Düşünürəm ki, bunların həlli mümkündür. Çünki cəmi 10 milyon nəfər əhalimiz var. Amma nemətlərimiz, yeraltı, yerüstü sərvətlərimiz boldur. Sadəcə idarəetməni gücləndirmək lazımdır. Deyə bilərlər ki, Milli Məclis qanunverici orqandır. Amma qanunverici orqanda təmsil olunan millət vəkilləri icra stukturlarına müəyyən qədər nəzarət etmək, problemləri ictimailəşdirmək imkanına, hüququna sahibdirlər. Bu istiqamətdə mən də necə deyərlər, əlimi daşın altına qoymaq istəyirəm.

Böyük ehtimalla Qarabağdan, Ağdamdan namizədliyimi irəli sürəcəyəm”.

Təhsil məsələləri üzrə Elçin Əfəndi isə TNS-ə bildirib ki, qarşıdan ölkəmiz, dövlətimiz üçün mühüm, əlamətdar hadisə gəlir. Bu, növbədənkənar parlament seçkiləridir: “İlk dəfə olaraq, bütün Azərbaycan ərazisində parlament seçkiləri keçiriləcək. İşğalda olan bütün ərazilərimiz Müzəffər Ali Baş Komandanın, Azərbaycanın Müzəffər Ordusunun sayəsində azad edildi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların canları, qanları bahasına bu qələbə əldə edilib. Bu qələbə ölkənin daha da uğurlu inkişafına doğru atılmış bir addımdır.

Əlbəttə, bu seçkilərdə iştirak etmək olduqca əhəmiyyətlidir. Biz də iştirak barədə düşünürdük, sadəcə olaraq müəyyən qərar verilməsi məsələsi var. Əgər belə bir qərar qəbul edəriksə, bu barədə ictimaiyyətə məlumat verməyi düşünürük. Amma hazırkı vəziyyətdə vahid bir qərar qəbul etməmişik. Qarşıdan gələn günlərdə belə bir qərar qəbul etsək, açıqlama veriləcək”.

efendi

Daha hansı tanınmış simaların seçkidə iştirak edəcəyi qarşıdakı günlərdə cəmiyyətə məlum olacaq.