Close

Növbədənkənar seçkilər bu tarixdə elan ediləcək- 2020-ci il seçkiləri necə olmuşdu?

Bu gün Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib. İclasda qəbul edilmiş qərara əsasən, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilməlidir.

Maraqlıdır ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı prosedur necə olacaq?

Bu barədə TNS-ə danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov bildirib ki, Konstitusiyaya əsasən, Prezidentin parlamenti buraxmaq səlahiyyəti var: “Məlum olduğu kimi, parlamentdə səs çoxluğuna sahib Yeni Azərbaycan Partiyasının deputatları parlamentin buraxılması, növbədənkənar parlament seçkilərinin təyin olunması üçün Azərbaycan Prezidentinə müraciət edilməsi təşəbbüsü ilə çıxış ediblər. Təşəbbüs Milli Məclisdə dəstəklənib və müvafiq qərar qəbul olunub. Bu, sırf Konstitusiyaya və Azərbaycan qanunveriiciliyinə uyğun bir prosedurdur. Azərbaycan Prezidenti həmin müraciətlə əlaqədar Konstitusiya Məhkəməsinə sorğu göndərib. Nəticədə Konstitusiya Məhkəməsinin Plenumunda sorğuya baxılıb və parlamentin buraxılıb, növbədənkənar seçkilərin təyin olunmasının Konstitusiyaya uyğun olduğu barədə qərar verilib”.

xeyal-besirov

Hüquqşünas bildirib ki, Mərkəzi Seçki Komissiyasının iclasından sonra Azərbaycan Prezidenti məsələ ilə əlaqədar sərəncam imzalayacaq.

Seçkinin hansı tarixdə olacağına gəlincə, Xəyal Bəşirov sərəncamdan sonra 60 gün ərzində seçkinin keçirilməli olduğunu xatırladıb: “Bu da avqustun sonu, sentyabrın əvvəlinə təsadüf edir”.

Məlumat üçün bildirək ki, hazırkı Milli Məclis də növbədənkənar seçki ilə formalaşıb. 2020-ci ilin fevralın 9-da Azərbaycada müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri keçirilib.

2019-cu ilin dekabr ayında Milli Məclisin 99 deputatı Prezidentə müraciət edərək növbədənkənar parlament seçkilərinin təyin edilməsini xahiş edib.

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” 2019-cu il dekabrın 2-də Milli Məclisdə qərar qəbul olunub.

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu 2019-cu il dekabrın 4-də qərar qəbul edib.

Bundan sonra – dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisin buraxılması və 2020-ci il fevralın 9-na növbədənkənar seçkilərin təyin edilməsi barədə sərəncam imzalayıb.

2020-ci ilin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, sabah növbədənkənar parlament seçkilərinin elan edilməsi ilə bağlı sərəncam açıqlana bilər. Seçkilərin isə sentyabrın 1-də keçirilməsi gözlənilir.