Close

Milli Qəhrəman Natiq Qasımova məktub

Səni ölümə şanlı bayrağımızla birlikdə getdiyin fotondan tanıdım.

Səni bir neçə dəqiqə sonra hansı işgəncələrin gözlədiyini bildiyin halda cəlladlarının arasında məğrur duruşundan tanıdım.

Bir dəstə yırtıcının, caninin, barbarın arasında cəsarətini itirməmişdin, onların gözlərinə dik baxırdın.

Sanki bir neçə dəqiqə sonra işgəncələrə məruz qalmağa yox, toya-bayrama gedəcəkdin…

Haşiyə: Xocalı köçkünü, hadisənin şahidi, dil-ədəbiyyat müəllimi Cəfər Cəfərov o günü belə xatırlayır: “Bizi, yəni 22 nəfər xocalılını tutub, Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar, 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar, sizi azad edəcəyik. Məni Qriqoryan kilsəsinə apardılar. Bir az aralıda maşından endirdilər, kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda səs gəldi. Dərhal azərbaycanlı olduğumu dedim. O, bir nəfər olduğunu və beş gündür ki, ac-susuz, tək döyüşdüyünü bildirdi. Rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. Razı olmadı ki, xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi”.

Cəmi 21 il yaşamışdın. Gəncliyinlə yeni tanış olmuşdun. Arzuların, xəyalların vardı. Yəqin ki, sevgini dadmışdın, kimdənsə xoşun gəlirdi. Bəlkə də sevgilin vardı. Cəbhəyə getməzdən əvvəl bir-birinizə söz vermişdiniz. Savaş bitəndən sonra evinə qayıdacaq, elçilərini yollayacaqdın o qızın qapısına.

Bəlkə də yırtıcı düşmənin mühasirəsində qalanda, dondurucu fevral soyuğunda 5 gün ac-susuz, yuxusuz, təkbaşına canilərlə vuruşanda, onları posta yaxın buraxmayanda xəyallar qurmaqda davam edirdin…

Amma düşmən həmişəki kimi namərdliyindən geri qalmadı. 22 məsum insanın həyatına qarşılıq öz canını qurban verməyini istədi. Hiyləgər düşmən sənin düşünmədən seçim edəcəyini, öz canından keçəyini bilirdi əslində.

Və sən səndən gözləniləni elədin…

Beləcə, “Bayraq adam” kimi tarixə düşdün. Bütün bir məmləkətə “OĞUL” oldun.

Sən bizim Xocalımızsan!

Sən bizim Vətənimizsən!

Qartal baxışılı İGİD!

Adın mübarək!!!

Tanrıdan sənə, bütün şəhidlərimizə rəhmət, qazilərimizə, veteranlarımıza cansağlığı, ordumuza güc-qüvvə, daim ZƏFƏR diləyirəm.

Və sonda…

Təşəkkürlər, Ali Baş Komandan!

Gülşən Hacıyeva