Close

23:01
26 Dekabr 2024

Prezident İlham Əliyevin Türkiyə səfərinin pərdəarxası - Bu mövzuların müzakirəsinə ehtiyac yaranmışdı

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə işgüzar səfər edib.

Səfər çərçivəsində iki qardaş ölkənin liderlərinin təkbətək görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub.

Azərbaycan Prezidentinin səfərini TNS-ə dəyərləndirən deputat Hikmət Məmmədov deyib ki, Türkiyə ilə Azərbaycan tarixi, təbii müttəfiq ölkələrdir. 2021-ci ildə imzalanmış, bu günlərdə ildönümünü qeyd edəcəyimiz Şuşa bəyannaməsindən sonra tarixi, təbii müttəfiqlik hüquqi kontekstdə strateji müttəfiqliyə çevrilib.

“Həm Şuşa bəyannaməsi, həm də Türkiyə-Azərbaycan münasibətləri hazırkı mürəkkəb beynəlxalq şərtlər içərisində iki ölkənin sinxron hərəkətini zəruri edir. Hazırda dünyada həm iqtisadi, həm də hərb-siyasi gərginliyin bu vaxta qədər görülməmiş həddə çatması Türkiyə-Azərbaycan məsləhətləşmələrini və beynəlxalq münasibətlər sistemində davranışlarını sinxronizə etməyi şərtləndirir. Nəzərə almaq lazımdır ki, Türkiyənin də aid olduğu Yaxın Şərqdə, Şimali Afrikada sonuncu gərginlikdən sonra artıq yeni mərhələ başlamaq üzrədir. Eyni zamanda, yaşadığımız Cənubi Qafqaz bölgəsində, Orta Asiyada yeni səhifələr açılır. Bir neçə gün əvvəl Bakıda keçirilən enerji həftəsində artıq qardaş Türkmənistan da bu prosesə cəlb edildi. Ən önəmlisi odur ki, bu mürəkkəb tarixi mərhələdə Türkiyə və Azərbaycan birlikdə regionun yeni kommunikasiya landştafını formalaşdırır. Eyni zamanda, regionun yeni geostrateji paradiqmalarını müəyyənləşdirir. Belə olan halda Türkiyə-Azərbaycan münasibətlərində davamlı məsləhətləşmələr və birgə fəaliyyət üçün davamlı qərarların alınması zərurəti yaranır”, - deyə deputat bildirib.

t3

Hikmət Məmmədov Avropa Parlamnetinə keçirilən seçkilərin və ABŞ-də payızda baş tutacaq prezident seçkilərinin əhəmiyyətinə diqqət çəkib: “Bu seçkilərdən sonra yeni siyasi formulun ortaya çıxma imkanlarının yaranması regionumuzun, xüsusilə Türkiyə-Azərbaycan əlaqələrinin beynəlxalq münasibətlərdə oynayacağı rolun bir daha dəqiqləşdirilməsini zəruri edir. Ona görə də iki qardaş ölkənin prezidentləri arasında keçirilən belə görüşlər təbiidir. Bu, hər iki ölkənin maraqları baxımından vacibdir”.

Deputat Musa Quliyev də bu səfərin bölgənin və Azərbaycanla Türkiyənin xeyrinə olduğunu deyib: “Bu, Türkiyə-Azərbaycan və Türk dünyası ölkələrinin əlaqələrinin sıxlaşdırılmasına xidmət edən bir səfər olub. Gələn ay Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Səfər bu görüş və iqtisadi əlaqələr, beynəlxalq münasibətlərə dair məsləhətləşmələrin aparılması ilə də bağlı ola bilər”.

musaquliyev

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə TNS-ə açıqlamasında xatırladıb ki, iki ölkənin prezidentlərinin görüşündən əvvəl xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıblar, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla fikir mübadiləsi aparıb: “Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb. Bölgəyə və bölgədən keçən layihələrə maraq göstərən böyük oyunçular var. Bu oyunçuların maraqları heç də hər zaman üst-üstə düşmür. Belə vəziyyətdə Şuşa bəyannaməsi ilə strateji müttəfiqlikləri sənəddə əks olunan Azərbaycanla Türkiyənin saatlarının əqrəblərini tutuşdurmalarına ehtiyac var”.

2