Close

08:40
22 Dekabr 2024
08:32
22 Dekabr 2024
21:32
21 Dekabr 2024

Xalqdan iqtidara “qırmızı kart” - Ərdoğanın partiyası niyə uduzdu?

Türkiyədə ötən gün keçirilən bələdiyyə seçkiləri Azərbaycanda da böyük maraqla izlənildi. Seçkilərin nəticələri, qardaş ölkənin Azərbaycanla münasibətlərinin gələcəyi ən çox müzakirə olunan mövzulardır.

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) məğub olması səbəbləri nələrdir? Bu və növbəti seçkilərin nəticələri Azərbaycan-Türkiyə əlaqələrinə necə təsir edə bilər?

Milli Məclisin deputatı Hikmət Məmmədov TNS-in suallarına cavab olaraq bildirib ki, martın 31-də keçirilən bələdiyyə seçkilərində qardaş Türkiyə xalqı özünün demokratiya tarixinin növbəti imtahanını uğurla verməyi bacardı: “Bu, hər şeydən öncə Türkiyənin demokratik seçki ənənəsi ilə bağlıdır. Yerli özünüidarəetmə orqanlarına seçkilərdə böyük siyasi fəallıq müşahidə olundu. Ən əsası odur ki, Türkiyə siyasi mədəniyyəti qalibiyyəti və məğlubiyyəti qəbul etməyi, etiraf etməyi bacarır. Bu, çox mühüm hadisədir, demokratiyanın əsas göstəricilərindən biridir. İlkin nəticələr açıqlanandan dərhal sonra hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın seçkiyə qiymət verərkən səsləndirdiyi fikirlərlə Türkiyənin demokratik ənənələrini ölkənin birinci şəxsinin dilindən bir daha eşitdik”.

t3

Deputat həmişə olduğu kimi, Azəraycanın qardaş ölkədəki bu seçkiləri də diqqətlə izlədiyini deyib: “Nəticə etibarilə Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyə Şuşa Bəyannaməsinə imza atmış strateji müttəfiqimizdir. Azərbaycanda olan hər hansı hadisə Türkiyə ictimaiyyətinin diqqətində olduğu kimi, qardaş ölkədə baş verən hər hansı hadisə də bizdə maraqla izlənilir. O cümlədən yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər də Azərbaycan ictimaiyyətinin diqqətində idi. Çünki yerli bələdiyyələrə kimlərin və necə sədrlik etməsi Azərbaycanı birbaşa maraqlandırır. Azərbaycan və Türkiyənin çoxsaylı “Qardaşlaşmış şəhər”ləri var. Bu əməkdaşlığımızı gücləndirən mənəvi, mədəni, iqtisadi, sosial kapilyarlardır. Yəni Türkiyə-Azərbaycan əlaqələri bu qədər qardaşcasına, bu qədər iç-içədir”.

Deputatın fikrincə, Azərbaycanda və Türkiyədə hər kəsə məlumdur ki, hansı siyasi dünyagörüşü mənimsəmiş partiyanın nümayəndəsi hansı bələdiyyəni qazanmış olursa olsun, nəticə etibarilə bu, Azərbaycanla münasibətlərdə heç bir ciddi dəyişiklik yaratmayacaq. Çünki Azərbaycan-Türkiyə münasibətləri bir millət -iki dövlətin, eyni xalqın münasibətləridir: “İqtidar və ya müxalifətdəki yerdəyişmələr münasibətləri dəyişməyəcək. Çünki iki qardaş ölkənin münasibətləri sabitdir. Nə vaxtsa, hansısa məsələlərdə fikir ayrılığı olubsa, bu da hər iki ölkənin siyasətçiləri tərəfindən həmişə anlayışla qarşılanıb. Hər zaman ümumi ortaq mövqeyə gəlinib. Türkiyə-Azərbaycan münasibətlərinin özəlliyi, keyfyyəti, bütövlüyü, möhkəmliyi bununla əlaqədardır. Bu seçkilər münasibətilə qardaş ölkənin demokratiya bayramını təbrik edirik”.

Politoloq Qabil Hüseynli xatırladıb ki, hakim AK Partiya bundan əvvəlki yerli özünüidarəetmə seçkilərində də qalib gəlməyib: “Sonuncu prezident və parlament seçkilərində qalib gəlsə də, xalq arasında ciddi narazılıq qalmaqda davam edirdi. Burada əsas məsələ odur ki, seçkilər demokratik yolla keçirilib, xalqın iradəsi ilə hakimiyyət formalaşdırılıb. Sonuncu seçkidə CHP demək olar ki, böyük şəhərlərin əksəriyyətində ciddi fərqlə qələbə qazandı. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, AK Partiya və Ərdoğan məğlubiyyətə uğradı. Bu, axırıncı seçki imkanı idi. Artıq AK Partiyanın Türkiyənin ictimai-siyasi həyatında yüksələn dövr yaşaması mümkün olmayacaq. Türkiyə siyasətində yeni simalar üzə çıxır. Bu simalar müxtəlif partiyalarda təmsil olunurlar. Hesab edirəm ki, gələn seçkilərdə İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun prezidentliyə əsas namizəd kimi ortaya çıxması, qalib gəlməsi mümkündür.

Bununla da AK Partiya Türkiyədəki çoxillik idarəçilik sistemindən uzaqlaşa, adi partiyalar sırasına daxil ola bilər. Yəni AK Partiyanın yüksələn xətt üzrə inkişafı enişə keçib”.

t2

Seçkilərin nəticələrinin Azərbaycanla münasibətlərə təsirinə gəlincə, politoloq bildirib ki, hazırda Prezident Administrasiyası, Nazirlər Kabineti tamamilə AK Partiya təmsilçilərindən ibarətdir: “Ölkənin hələ ən az 3 il xarici və daxili siyasətini AK Partiya müəyyənləşdirəcək.

Ümumiyyətlə, Azərbaycana münasibət dəyişməyəcək. AK Patiyanın da, CHP-nin də Azərbaycana münasibəti müsbətdir. Azərbaycana münasibəti şəxslər müəyyənləşdirmir. İki ölkə arasında böyük saziş – Şuşa Bəyannaməsi, əlaqələrin çoxşaxəli nümunələri var. Yeni seçilən kim olursa, olsun, Azərbaycana münasibətdə bünövrəsi Ərdoğan tərəfindən qoyulmuş siyasəti davam etdirməyə məcburdur. Yeni reallıqların tələbi budur”.

Türkiyəli politoloq, Qafqaz Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktay isə TNS-ə bildirib ki, sonuncu seçkini hökumət açıq şəkildə uduzub: “AK Partiya-MHP ittifaqı sonuncu prezident seçkilərində əldə edilən qələbənin sərxoşluğu ilə ciddi səhvlərə yol verdi. Türk millətçilərinin liderinin yanlış taktikası ilə seçkidə ortaya çıxan nəticə yeni dönəmdə fərqli siyasi aktivliyin önünü açacaq.

AK Partiya prezident seçkilərində “6-lıq masa”ya qarşı dövlət gücündən istifadə edərək, hərəkət etdi. Bu seçkidə “6-lıq masa” olmaması iqtidarı yanıltdı. İqtidar bütün diqqətini İstanbula yönəldib, Anadoludakı fəallığı görə bilmədi”.

Onun sözlərinə görə, MHP Kastamonuda böyük nüfuz qazanmış bələdiyyə sədrinin “onsuz da qazanacağıq” düşüncəsi ilə təkrar namizədliyini irəli sürməyib: “Başqa bir şəxs namizəd oldu. Nəticədə Kastamonu tarixində ilk dəfə MHP çox az səs topladı. “Özgüvən partlayışı” yaşayan Cümhur İttifaqı bu və buna bənzər səhvlər etdi. Nəticədə xalq Cümhur İttifaqına seçki qutusunda “qırmızı kart” göstərdi. Xalqın ehtiyac və narazılıqlarına əhəmiyyət verilmədi. Yerli seçki olsa da, bu nəticə əslində vətəndaşın fikrinin və səsinin nə qədər önəmli olduğunu ortaya çıxardı. Türkiyədə demokratiya qalib gəldi”.

hasanhoca

Hasan Oktay bildirib ki, seçkilərin nəticələrinin Türkiy-Azərbaycan münasibətlərinə hər hansı mənfi təsiri olmayacaq.

“Bu nəticələr Türkiyədə növədənkənar seçkilərin olması ehtimalını artırır. Hökumət xarici siyasətdə daha sabit və sağlam yol izləməlidir. Cənubi Qafqazda xüsusilə 10 noyabr sazişindən sonra sülh müqaviləsinin imzalanmaması, prosesin uzadılması, xarici təsirlər nəticəsində yeni bir müharibənin olması ehtimalı Türkiyəni daha balanslaşdırılmış addımlar atmağa məcbur edir. Dolayısı ilə Türkiyə-Azərbaycan münasibətləri hissi zəmindən daha da uzaqlaşacaq, tam stratejik müstəviyə keçəcək”.