Deputat: “Arif Paşayev Azərbaycan elmində özünəməxsus rolu və məktəbi olan böyük alimdir"

“Bu gün əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, ən əsası böyük azərbaycanlı Arif Paşayevin yubileyidir.
Akademik Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın, habelə 30-dan çox əhəmiyyətli ixtiranın müəllifi kimi Azərbaycan elmində özünəməxsus rolu və məktəbi olan böyük alimdir”.
Bunu TNS-ə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat Arif Paşayevin dünyada ilk dəfə yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işlədiyini, bu üsulları reallaşdıran elmi cihazlar yaratdığını xatırladıb: “Görkəmli alim hələ sovet dövründə Azərbaycan Respublikasının Dövlət mükafatı, o cümlədən müstəqil Azərbaycanın ən ali mükafatları, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunub.
Böyük ədib, akademik Mir Cəlal Paşayevin ocağında dünyaya göz açan Arif müəllim, həm də milli və ailə dəyərlərimizə sadiq əsl Azərbaycan kişisi olaraq, özünün və ailəsinin timsalında milli elitanın layiqli davamlılığının təmin edilməsində mühüm rol oynamış, bu gün də sözünün çəkisi olan el ağsaqqalı kimi töhfələrini verməkdədir. Bu mənada, heç şübhəsiz ki, yubilyarın Azərbaycan qarşısında ən böyük xidməti onun xalqımıza Mehriban Əliyeva kimi milli dəyəri bəxş etməsidir”.
Bəhruz Məhərrəmov akademik Arif Paşayevi bu sözlərlə təbrik edib: “Bu əlamətdar gündə, dəyərli ziyalı və sözün əsl mənasında, milli olan böyük insanı doğum günü münasibətilə təbrik edir, ona cansağlığı, şərəfli həyat yolunda və elmi fəaliyyətində bol-bol uğurlar arzu edirik”.