Close

ABŞ Azərbaycanda təxribat törətməyə hazırlaşır?

"Zənnimcə Amerika Birləşmiş Ştatlarının əsas cəhdləri sülh müqaviləsinin bağlanmasına yönəlib".

Bunu TNS-ə politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, ABŞ-nin strateji hədəfi Azərbaycanda hakimiyyət dəyişikliyinə yox, bölgədən Rusiyanın çıxarılmasına hesablanıb: "Çünki ABŞ Cənubi Qafqaza yiyələnmək üçün sülh müqaviləsinin bağlanmasını istəyir. Həmçinin Orta Asiyada möhkəmlənmək istəyir və artıq bunun təməlini qoyub".

Politoloq Azərbaycanda dəyişiklik etməyin o qədər də asan məsələ olmadığını vurğulayıb.

“Çünki xalq öz Prezidentini sevir. Xüsusi ilə ərazi bütövlüyümüz bərpa ediləndən sonra ölkədə ümumimilli bir həmrəylik var. Hamı yaranmış vəziyyətdən kifayət qədər bəhrələnə bilir. Artıq əhalinin Qarabağa köçürülməsi prosesi başlayıb, tədricən torpaq sahələri onların istifadəsinə veriləcək. Buna görə də inanıram ki, hər hansı dövlət ölkəmizdə bədniyyətli layihə həyata keçirmək istəsə, bu, baş tutmayacaq", -  politoloq vurğulayıb.

Müsahibimiz ABŞ-nin Azərbaycanda təxribat cəhdi ehtimalının zəif olduğunu düşünür: "ABŞ-nin buradakı strategiyası əvvəl dediyim fikirlərə yönəlib. Bu ölkə yaxşı bilir ki, Azərbaycanda xalq-hakimiyyət münasibətləri yüksək səviyyədədir, buna müdaxilə etmək ABŞ üçün mənfi nəticələrə gətirib çıxara bilər. Ona görə də bu cür ehtimallar sıfırdır".

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı Səfirliyi Amerikada təhsil almış bir qrup azərbaycanlı məzunla görüş keçirilməsini planlaşdırmışdı. Sonra həmin görüşün təxirə salındığı açıqlandı. Əslində bu tədbirin əsas məqsədinin ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsi ilə bir araya gəlməsi olduğu bildirilir. İddialara əsasən, görüşdə ABŞ-də təhsil almış, əslində isə təhsil adı altında Amerikada olarkən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslər iştirak edəcəyi gözlənilirdi.

Mərahim Nəsib