Close

23:55
02 Yanvar 2025

Ev alanların siyahısını sürücü və katibələr hazırlayıb?

Bir neçə gündür, Azərbaycanda yazıçı və şairlərə verilən mənzillərlə bağlı ciddi müzakirələr gedir.

Ev alanların çoxunun kimliyi cəmiyyətdə ciddi narazılıq doğurub. Bəlkə də bu səbəbdəndir ki, Azərbaycan Yazılçılar Birliyi siyahını rəsmi olaraq, açıqlamadı. Böyük ehtimalla AYB bu siyahının sonsuza qədər gizli qalmayacağını, adların gec açıqlanmasının qalmaqala bir az da “benzin” tökəcəyini hesablamayıb.

Artıq mənzil verilən 21 nəfərin kimliyi, onların arasında katibələrin, sürücülərin olduğu məlumdur. Neçə gündür, ev almayanlar alanlar haqqında ən ağır ifadələrlə təhqir, söyüş, qarğış yazır.

Əslində burada diqqət yetirməli olduğumuz məqam ev alanların yox, siyahını tərtib və təsdiq edənlərin kimliyidir. Narazılıq böyüyəndən sonra Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, birliyin birinci katibi Çingiz Abdullayev, katibi Elçin Hüseynbəyli mətbuata açıqlama verərək, siyahıdan xəbərsiz olduqlarını dedilər.

Belə çıxır ki, siyahını Anar təkbaşına hazırlayıb və təsdiqləyib? Axı, AYB sədrinin yaşı və imkanları siyahı tərtib etməyə uyğun deyil (Bu vəziyyətdə kreslosundan 4 əllə yapışıb, üzüsulu getməməsi ayrı mövzudur). Bəlkə ev almağı haqq edənlərin kimliyini “yaradıcı” sürücü və katibələr müəyyənləşdirib? Mənim ağlıma başqa variant gəlmir.

AYB təmsilçilərinin açıqlamalarından sonra müzakirə və mübahisələrin daha da qızışacağı ehtimal olunur. Narazılar xüsusilə sosial şəbəkələrdə od püskürürlər.

Ortaya çox ciddi bir sual çıxır. Dövlətin xoş niyyətlə gördüyü işi niyə bu dövlətin əleyhinə çevirirlər? Niyə bu qədər yaradıcı insanı öz keflərinə, istəklərinə görə dövlətdən narazı salıb, küsdürürlər? Dövlət yaradıcı adamların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə humanist bir addım atıb, heç olmasa, ehtiyacı olan bir neçə yaradıcı insanın problemini həll etmək istəyib. Bəzi adamlar isə dövlətə qarşı sabotajla məşğuldur. Niyə anlamırlar ki, onların şəxsi maraqları, kiminsə könlünü “xoş” etmək cəhdləri nə qədər insanı dövlətdən narazı salır.

Bunu anlamadan edirlərsə, deməli, yerlərində deyillər, ən qısa zamanda kresloları ilə könüllü vidalaşmalıdırlar. Qəsdən edirlərsə, bunun bir adı var: təxribat!

Gülşən Hacıyeva