Close

14:41
15 Yanvar 2025
14:31
15 Yanvar 2025
14:15
15 Yanvar 2025

Əsir hərbçilərimizin valideynləri BQXK-dan şikayətçidir: "Artıq vəziyyət o həddə çatıb ki..."

"Aqşindən heç bir xəbər yoxdur. 8 ay keçməsinə baxmayaraq, övladlarımıza qovuşa bilmirik".

Bunu TNS-ə Ermənistanda əsirlik həyatı yaşayan Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət etsələr də, müsbət nəticə yoxdur: "Bildirmişik ki, övladlarımızla görüntülü danışmağa şərait yaradılacaqsa, qəbul edirik, sadəcə telefon danışığını istəmirik. Bir aya yaxın vaxt keçməsinə baxmayaraq, istəyimiz qəbul edilməyib. Biz övladlarımızın fiziki vəziyyətindən narahatıq. Buna görə onları görməyimiz vacibdir. Onların bizə təşkil etdiyi formatda telefon danışığı bizi qane etmir. Yanlarında dayanırlar, yalnız üz hissəsi görünən şəkildə telefonla danışığa imkan verib, sonra da deyirlər ki, hər şey yaxşıdır. Belə şəraitdə nə biz digər suallar verməyə imkan tapırıq, nə də övladarımızın orda tapşırılandan kənar hər hansı məlumatı bizə çatdırmaq imkanı olur. Bizə məlum olan yalnız budur ki, guya hər şey yaxşıdır, heç bir şiddət, təzyiq əlamətləri yoxdur. Ancaq biz yaxşı bilirik ki, real mənzərə belə deyil".

Dürdanə Bəbirova sonuncu dəfə övladları ilə oktyabrın 19-da əlaqə yaradıldığını xatırladıb: “Onda gördük ki, hər iki uşaq (Aqşin Bəbirov, Hüseyn Axundov – red.) bərbad vəziyyətdədir, onlar intihardan danışırdılar. BQXK-nin nümayəndəsi ilk dəfə onların görüntülərini gətirən zaman vəziyyətləri yaxşı görünürdü. Bu dəfə isə tamam başqa idi. Axırıncı antiterror əməliyyatından sonra övladlarımıza nə işgəncə verildiyini, hansı təzyiqlərin göstərildiyini bilmirik. Amma durumları çox pis idi. Bunu BQXK də, digər qurumlar da yaxşı bilir. Bir ay keçməsinə baxmayaraq, bizi uşaqlarla danışdırmırlar. Heç olmasa, görüntülü şəkildə danışsaq, bir az sakitləşərik”.

D. Bəbirova artıq özünün səhhətində probemlər yarandığını bildirib: "Hər səhər yuxudan oyananda bir tərəfimin qurumağa başladığını hiss edirəm. Bizim bağrımız çatlayır. Artıq vəziyyət o həddə çatıb ki, getdikcə övladımın üzünü görməyə olan inamım azalır. Çünki ürəyimin dözməyəcəyindən qorxuram. Onların orada hansı şəraitdə yaşadıqlarından xəbərsizik.

İndi ümid edirik ki, bəlkə noyabr ayının sonuna gətirərlər".

Hüseyn Axundovun anası Şəlalə Axundova isə TNS-ə deyib ki, əsas şikayətləri Beynəlxalq Qızıl Xaç Komitəsindəndir: “Xəbər gəlir ki, bu quruma gedək, orada bizə telefonla danışmağa şərait yaradacaqlar. Bizə niyə öz telefonlarımızla danışmağa imkan yaratmırlar. Videozəngə şərait yaradılmır, bəhanə edirlər ki, guya çəkilib paylaşılır, ona görə də icazə yoxdur. Heç olmasa, onda audiozəngi birbaşa özümüzlə etməyə şərait yaradılsın. Bunu payaşsaq belə bu, qarşı tərəfin müsbət imicini yaradar ki, humanistlik göstərirlər. Bizim valideyn kimi öz övladlarımızı görmək haqqımızdır. Övladımzı bizə göstərməməklə haqqımızı əlimizdən alırlar”.

Şəlalə Axundova övladlarının videosunu çəkib gətirdiklərini bildirib: “Amma biz bilmirik, bu video nə vaxt və hansı şəraitdə çəkilib. Bəlkə bu video işgəncədən əvvəl çəkilib. Bizim övladlarımız bir ay qabaqkı zəngində artıq ümidsiz və intihar ab-havasında danışırdılar, bizdən halallıq istəyirdilər. Bütün bunlar onu deməyə əsas verir ki, onlara orada işgəncələr verilir. Bundan əlavə, onlara psixoloji işgəncələr də verilir ki, hər iki övladımız bizə dəfələrlə şayiələrdən bezdiyini deyib. Məsələn, mən öz oğlumu inandıra bilmirəm ki, qardaşı ölməyib, sağdır. Onu necəsə inandırıblar ki, qardaşı ölüb”.

Şəlalə Axundova da səhhətində problemlər yarandığını əlavə edib: "Bu 8 ayda nə zülmlər gördük, Allah bilir. Artıq sol gözüm görmür. Onsuz da xəstə idim, indi vəziyyətim daha da pisləşir. İşləyə bilmirəm, maddi vəziyyətim o qədər ağırdır ki, bəzən evimdə yeməyə çörək belə tapa bilmirəm. Bizim balalarımzı qaytarsınlar. Biz artıq ayağa qalxmalıyıq, əvvəlki həyatımıza davam etməliyik, öz işimzi-gücümüzü görməliyik. Bəlkə də son günlərimizi yaşayırıq. Xahiş edirik, bizi övladlarımıza qovuşdursunlar. Biz bu dərdə dözə bilmirik artıq.

Mən oğlumla danışarkən hiss edirdim ki, damağında dişi qalmayıb. Çünki onun sözlərinin çoxunu başa düşmürdüm. Mən bu vəziyyəti görüb necə dözə bilərəm?”

Qeyd edək ki, bu ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Onlar barəsində uydurma ittihamlarla cinayət işi başlanıb. Aqşin Bəbirov 11 il 6 ay, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunublar.

Mərahim Nəsib