Xankəndinin dağıldılan məhəllələri - Ermənilər tarixin izlərini necə siliblər?

Azərbaycanın bir günlük antiterror əməliyyatından sonra azad edilən Qarabağın ən gözəl şəhərlərindən olan Xankəndinin 36 məhəlləsi olub.
TNS xəbər verir ki, bunu tarixçi alim, dosent Zaur Əliyev bildirib.
O qeyd edib ki, sonralar əraziyə sənətkarlar, tacirlər və digər peşə sahibləri köçüb, yaşayış məntəqəsinin miqyası kifayət qədər böyüyüb və genişlənib.
“15 əsas məhəlləsi olan şəhər 1918-1920-ci illərədək bir qədər böyüdüldü, bu rəqəm 36-ya çatdı. Bu məhəllələr sovet dövründə ermənilər tərəfindən “şəhərsalma” adı ilə məhv edilib. İnsanlar ordan zorla köçürülüb, ermənilər yerləşdirilib və xalqımıza, Xan ailəsinə məxsus abidələr, maddi, qeyri-maddi irs nümunələri dağıdılıb. Azərbaycan kimliyini, Qarabağ xanlığına məxsus dəyərləri silmək üçün ermənilər illər boyu sovetlərin köməyi ilə bunu həyata keçiriblər.
Ardınca ermənilər əldə etdikləri şəhərlərin, kəndlərin simasını dəyişdirməyə başlayıblar. 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi olan Levon Mirzoyan (1926-1929-cu illər) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Aleksandr Tumanyan adlı bir memarı dəvət edir. Bu da Azərbaycanın tarixinə məxsus qədim adları və tikililəri, məhəlləri və sairəni tarixdən silmək üçün plan hazırlayır.
Ermənilər hakimiyyətdə olan dəstəkçilərinin göz yumduğu təzyiqlərlə azərbaycanlıları dədə-baba yerlərindən köçürmək üçün bunları ediblər:
- azərbaycanlıların ictimai nəqliyyatdan istifadəsinə əngəllər yaradılıb. Şəxsi nəqliyyatları qeydiyyata almayıblar;
- şəhərin ərzaq mağazalarında işləyən azərbaycanlılara ərzaq satılmaması üçün göstəriş verilib;
- Xankəndi şəhərində yaşayan azərbaycanlıların mənzillərinə gedən telefon xətləri kəsilib;
- yüksək vəzifə tutan azərbaycanlılar müxtəlif bəhanələrlə işdən azad olunub, bəzi hallarda isə şərlənərək həbs edilib;
- Xankəndi şəhərində yaşayan, əslən bu torpaqdan olan 16 min nəfərin adı demoqrafik statistika və əhalinin sayının müəyyənləşdirilməsi prosesində qəsdən siyahıya salınmayıb”, - o əlavə edib.
Alim dağılmış və məhv edilmiş məhəllələrlə bağlı məlumat verib:
“Aşağı məhəllə
Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Şəhərin ən qədim məhəllələrindən biridir, Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 günbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və s. var. SSRİ dönəmində buradakı tarixi evlərin bir hissəsi dağıdılıb. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi.
Biləndərlilər məhəlləsi
Xankəndinin ən böyük məhəllələrindən biridir, Yağlıtəpənin yamaclarında yerləşir, 70-dən çox ev var. SSRİ dönəmində məhəllə sakinlərinin 75%-i azərbaycanlılar olub. Burada Biləndərlilər tayfasının nümayəndələri yaşadıqları üçün Biləndərlilər məhəlləsi adlandırılıb. Qeyd edək ki, Biləndərli tayfası ərəb mənşəlidir. Onlar Qarabağ və Şirvan mahalına 11-ci əsrdə köç ediblər. Çox güman ki, bu tayfa ilk dəfə Qarabağın bu ərazisində məskunlaşıb.
Böyükbazar məhəlləsi
Xankəndinin kənarında yerləşən bu məhəllə XII əsrdə yaranıb, əhalisinin çox hissəsi şuşalılar, kərkicahanlılar, kosalarlılar və laçınlılar olub. Məhəllədə 1 bazar, 2 məscid (Alış və Böyükbazar məscidləri), 1 mədrəsə, 3 hamamxana, 1 günbəz var idi. İşğal zamanı məscidlərdən biri partladılıb.
Xərratlar məhəlləsi
Xərratlar məhəlləsi XIII əsrdə yaranıb. Adından da bəlli olduğu kimi burada xərratlar, sənətkarlar yaşayırdılar. Məhəllə əvvəllər Kərkicahana aid idi. Lakin sonradan Xankəndi şəhərinin tərkibinə salındı. Məhəllədə Xərrat usta Qulu məscidi var.
Qoyqəşəm məhəlləsi
Bu məhəllə Xankəndinin ən kiçik məhəlləsi kimi məşhurdur. Digər məhəllələrdən fərqli olaraq, burada günbəz yoxdur. Məhəllədə Qoyqəşəm qəbiristanlığı (qəbiristanlıqdakı ən qədim qəbirlər V əsrə aiddir), X əsrə aid məscid, Qoşabulaq bulağı var. Qoyqəşəm məhəlləsi Qayabaşı və Saatlı məhəllələrinin arasında yerləşir.
Məcidli məhəlləsi
Mərkəzdə yerləşirdi. Burada ilk yaşayış məskəninin tarixi XIII əsrə aiddir. Burada 41 ev, 1 hamam, 1 mədrəsə və Məcidli məscidi var idi. Təxmini olaraq 200 nəfərdən çox əhali bu məhəllədə yaşayırdı. Digərlərində olduğu kimi, bu məhəllədəki qədimi mülklər də işğalçı rejimi tərəfindən məhv edilib.
Saatlı məhəlləsi
Xankəndinin ən cavan məhəllələrindən biri kimi tanınır. 1918-ci ildə məhəllədə 30 ev, 1 məscid, 2 hamamxana, 2 misgərlik emalatxanası, 1 kümbəz və s. mövcud olub.
Seyid Məhəmməd məhəlləsi
Xankəndinin cənubunda, Qarqarçayın sahilində yerləşir. Məhəllədə ilkin yaşayış II əsrə təsadüf edir. Əvvəllər bu məhəllənin adı olub. Lakin XIX əsrin sonlarında bu məhəllədə insanlara yardım edən, şəfa göstərən Məhəmməd adlı şəxs bu məhəlləyə köçür. Vəfat edəndə onun şərəfinə məhəllənin adı Seyid Məhəmməd adlandırılır. XX əsrin əvvəllərində burada 49 ev mövcud idi.
Şingədan məhəlləsi
1700-cü ildə yaranıb, sakinləri əsasən tacirlər olub. Məhəllənin adı sonradan dəyişdirilərək "Tacirlər Məhəlləsi" qoyulub. Bu məhəllə mərkəzi hissədə yerləşir. Burada 13 günbəz və 42 ev mövcuddur
Poylu Məhəlləsi
Əvvəllər Kərkicahana aid olub. Lakin SSRİ dönəmində Xankəndi şəhərinin daha da genişləndirilməsi üçün Kərkicahan, Cəmilli, Bəhlul, Yavərli, Malıbəyli ərazilərindən torpaqlar Xankəndinin tərkibinə salındı. Poylu məhəlləsində ilkin yaşayış IV əsrə təsadüf edir.
Tacirlər (Bazar) məhəlləsi
Bu məhəllədə ilkin yaşayış XV əsrin əvvəllərindən mövcud olub. Vaxtilə bu ərazilərdən filiz yatağı tapılıb. O dönəmin tacirləri də bu ərazilərdə bağ, daimi ev və s. qururdular. Məhəllədə 1918-ci ildə 5 günbəz, 3 məscid, 51 ev, 4 hamamxana mövcud olub. Hazırda bu ərazidə 2 küçə, 2 prospekt var. Məhəllənin aşağısından isə çay axır.
Yazarlar və Tarzənlər məhəlləsi
Məhəllədə ilkin yaşayış XVIII əsrə təsadüf edir. Qarabağ xanlığı dönəmində Pənahəli xanın qərarına əsasən, Qarabağın bütün yazıçılarına, tarzənlərinə, musiqiçilərinə bağ evləri bu məhəllədən verildi. Məhəllə ərazisində 1 günbəz, 1 hamamxana mövcud idi.
Mərkəzşəhər məhəllə — Qara Hüseyn məscidi
Mahallı məhəlləsi — 2 günbəz
Ağa məhəlləsi — Böyük Pir ziyarətgahı
Xanbağı məhəlləsi — Xəlifə İbrahim Vəlullah ocağı
Yuxarı məhəllə —Yaşıl məscid
Dağ məhəllə
Balıqar məhəlləsi
Üçyol qurdları məhəlləsi
Məşədi Əsədulla məhəlləsi — Kərki ocağı
Qayabaşı məhəlləsi — Siyafur məscidi
Zəngəzurlular məhəlləsi — İmam Əli məscidi
Ozan məhəlləsi
Qala məhəlləsi — Qala piri
Təzə məhəllə —
Çaparxanlı məhəlləsi — Otludərə məbədi
Orta məhəllə — Ərminavan məscidi
Zadəganlar məhəlləsi — Əyrıdam məscidi
Qarqar (Çayqıraqlılar) məhəlləsi — Çaykənarı məscidi
Cüdürxan məhəlləsi — Mirzələr məscidi
Alakeşlər məhəlləsi — Kiçik məscid
Allahgərək məhəlləsi
Kotanqaya məhəlləsi — 2 kümbəz
Böyük məhəllə — Səmirabad məscidi
Kiçik məhəllə — Sarı məscid
Qabıcıq-Hökmavar məhəlləsi — Yurdyer məscidi”.
Zaur Əliyev bildirib ki, tarixçi alim, tədqiqatçı Faiq İsmayılov məhəllələrin aqibəti haqqında bunları yazıb:
“Müxtəlif şəhərlərdən Xankəndiyə köçürülən ermənilərin sayının sürətlə artması bölgədə yeni yaşayış evlərinin yaranmasına zərurət yaradırdı. Məhz bu problem ermənilərin Xankəndi şəhərində apardığı “yenidən qurulma” siyasətinin işə düşməsinə səbəb oldu. Bu faciəvi “yenidən qurulma” planı zamanı Xankəndi şəhərində yerləşən azərbaycanlılara məxsus qədim memarlıq abidələri, yaşayış evləri və inzibati binalar “köhnəliyin” əlaməti kimi dəyərləndirilərək kütləvi şəkildə söküldü. Şəhərin bəzəyi sayılan 37 məhəllə sökülərək ləğv edildi. Eyni zamanda, bütün tarixi-mədəniyyət abidələri, 15 məscid, 17 türbə, 5 ziyarətgah, 2 məbəd, 15 məhəllə və qəbiristanlıqlar xüsusi vəhşiliklə dağıdıldı”.