Close

Azərbaycan niyə kağız istehsal etmir? - Deputat səbəbləri AÇIQLADI

“Azərbaycan kağız ehtiyacını əsasən, Rusiya Federasiyasından qarşılayır. Son vaxtlar Milli Məclisdə kitabın və kağızın idxal vergisindən azad edilməsi ilə bağlı məsələlər gündəmə gətirilmişdi. Dövlətimiz, dövlət başçımız bu sahədə hər zaman güzəştlərə gedir”.

Bunu TNS-ə Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili xatırladıb ki, kağız istehsalı birbaşa meşə təsərrüfatı ilə əlaqədardır: “Azərbaycanda yetərincə xammal olmadığından kağızı xaricdən tədarük edirik. Nəticədə kifayət qədər valyuta kənara çıxır. Xammal azlığına rəğmən, Azərbaycanda müəyyən qədər kağız istehsal etmək mümkündür. Bu sahəyə yenidən baxmaq lazımdır. Azərbaycan hökuməti bu barədə müəyyən işlər görə bilər. Təbii ki, kağız ehtiyacını 100 faiz ödəmək mümkün deyil”.

k-1

Vahid Əhmədov hesab edir ki, bu istiqamətdə dövlət müəyyən addımlar atacaq.

“Azərbaycanda kağız istehsalına maneələr çox olsa da, müəyyən daxili istehsala nail ola bilərik. Aydın məsələdir ki, Azərbaycan Rusiya kimi zəngin meşələrə malik deyil. Düşünürəm ki, ölkəmizdə kağız istehsalına olan tələbatın ən az 20-25 faizini daxili istehsalımız hesabına həll edə bilərik", - deyə Vahid Əhmədov əlavə edib.

Qeyd edək ki, Azərbaycan ötən il 16,696 min ton kağız və karton idxal edib. Bunun 16,168 min tonu - 97 faizi, qəzet kağızının 100 faizi Rusiyanın payına düşüb. Son zamanlar kağızın qiyməti xeyli artıb. Bir müddət əvvəl kağızın tonu 1380 dollar idisə, indi bu rəqəm 2100 dollar civarındadır. 

Bünyamin Bünyadzadə