Close

Roma Statutu ermənilərə nə vəd edir? - Bu addım İrəvana baha başa gələcək

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Bununla bağlı qərar qanunverici orqanın oktyabrın 3-də keçirilən iclasında qəbul olunub. Roma Statutunun ratifikasiyası Ermənistan üçün nə vəd edir?

Bununla bağlı TNS-ə açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi yalnız siyasi məqsədlərə xidmət edir.

Izobrazenie_WhatsApp_2023-10-03_v_18-25-02_596d14d6

"Bildiyiniz kimi, Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsinin Əsasnaməsidir və dörd əsas beynəlxalq cinayətin: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətlərinin araşdırmasını nəzərdə tutur. Beynəlxalq Cinayət Məhkəməsi, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə, cinayətlərin hər hansı iştirakçı dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədildiyi təqdirdə səlahiyyətlərə malikdir. Ermənistan özü postsovet məkanında soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətlərinin əsas törədicisidir. Bu mənada Ermənistan Parlamentinin Roma statutunun ratifikasiya etməsi beynəlxalq cinayətkarlıqla mübarizədə İrəvanın "qətiyyəti"nin göstəricisi deyil",- deputat qeyd edib.

Bəhruz Məhərrəmovun fikrincə, Ermənistan bu sənədə qoşulmaqla Rusiya ilə mübarizədə əlini möhkəmləndirir və Moskvanı bölgədən tamamilə sıxışdırmaq niyyəti güdür: "Düzdür, Roma statutuna qoşulub-qoşulmamaq Ermənistanın özünün suveren haqqıdır, lakin regional reallıqları qulaqardı etmək olmaz və şübhəsiz ki, bu addım İrəvana baha başa gələcək".

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Statutunun ratifikasiyasını Ermənistanın tarix boyu yürütdüyü məkrli və fürsətcil siyasətinin davamı olaraq müttəfiqlərinə qarşı növbəti xəyanəti adlandırıb: "Məhz bu gün Ermənistan parlamentində Roma Statutunun ratifikasiyasının qəbul olunması da bunun bariz nümunəsidir. Ermənilər bu tarixi riyakarlıqlarını bu gün Rusiyaya münasibətdə sərgiləyirlər".

image_750x_64d37544107be

Millət vəkili bildirib ki, Ermənistanın hazırkı sənayesi, nəqliyyatı və iqtisadiyyatı Rusiya tərəfindən özəlləşdirilib. Ermənistan son illərdə xüsusi cəhdlərlə Rusiyanın təsir dairəsindən çıxmaq üçün çabalar göstərir. Xüsusilə ilə İkinci Qarabağ müharibəsindən məğlubiyyətlə ayrılan bu ölkədə Rusiya qarşı olan narazılıqlar daha da artmaqdadır. Hazırki Ermənistan iqtidarı Roma Statutunu ratifikasiyası ilə bir daha Rusiyadan qurtulmağa çalışır. Burada həm də maraqlı bir sual ortaya çıxır. Rusiyanın Ermənistanın bu qərarını ləğv etdirməyə gücü çatacaqmı? Təbii ki, biz hadisələrin necə cərəyan edərək hansı formada nəticələnəcəyini yaxın gələcəkdə görə bilərik.

"Hesab edirəm ki, Ermənistan parlamentinin bu qərarı, birbaşa Avropa ölkələri və Avropa İttifaqı ilə siyasi həmrəyliyə hesablanıb. Ermənistan hakimiyyəti düşünür ki, bu kimi qərarlarla beynəlxalq aləmdən və Avropa dövlətlərindən böyük dəstək alacaq. Roma Statutunun ratifikasiyasının qəbul olunması, onsuz da gərginləşməkdə olan Rusiya- Ermənistan münasibətlərinə öz mənfi təsirini göstərəcək. Əgər Ermənistan hakimiyyəti bu qərarından dönməyəcəksə, sözsüz ki, Rusiya dövləti də zəruri addımlar atacaq. Ermənistan regional siyasi münasibətləri beynəlxalq münasibətlərlə birlikdə tənzimləyə bilmir. Nəticədə də regionda gərginlik davam edir. Roma Statutunun Ermənistan parlamenti tərəfindən qəbul edilməsinin Azərbaycan- Rusiya münasibətlərinə heç bir təsiri olmayacaq. Əksinə Cənubi Qafqazda Azərbaycan dünyəvi olmaqla bərabər qonşu dövlətlər və o cümlədən Rusiya üçün etibarlı tərəfdaş mövqeyini qoruyub saxlayacaqdır",- Asim Mollazadə əlavə edib.

Bünyamin Bünyadzadə