Close

Fərid Şəfiyev: "Azərbaycan buna hazırdır"

"Qarabağ ermənilərinin ərazidən köç etməsi hələlik onu deməyə əsas vermir ki, onlar sülh istəmir. Sadəcə, bu proses bir az fərqlidir”.

Bunu TNS-ə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, sülh sazişi haqqında danışıqlar davam etdirilir: “Bu ay Azərbaycan və Ermənistan rəhbərliyinin növbəti dəfə görüşü gözlənilir. Birmənalı şəkildə Qarabağdakı proseslərin səbəbkarı 30 il ərzində Azərbaycana və azərbaycanlılara qarşı təxribatlar törədən şəxslərdir. Qarabağdakı erməni əsilli sakinlər tərəddüd içərisindədirlər. Onların bəziləri müəyyən səbəblərdən qorxur, bəziləri isə aqibətinin nə olacağını bilmir. Çünki həmin şəxslər uzun illərdir, bizə qarşı böyük nifrət təbliğatı ilə yaşayıblar”.

Fərid Şəfiyevin sözlərinə görə, Qarabağ ermənilərinin müəyyən bir hissəsi Azərbaycan bayrağını qəbul etmək istəmir: “Təbii ki, dövlətimiz onlara heç bir zor tətbiq etmir. Lakin bununla belə Azərbaycana qarşı əsassız etnik təmizləmə ittihamı var. Biz buna Qərbi mediasında,  bəzi ölkələrin təmsilçilərinin çıxışlarında rast gəlirik. Ermənilər Haaqa Məhkəməsində bizə qarşı iddialar qaldırıblar. Düşünürəm ki, ermənilərlə bizim növbəti mərhələdə mübarizəmiz hüquq və media müstəvisində aparılacaq. Şübhəsiz ki, Azərbaycan buna hazırdır. Bu prosesdə ictimai-siyasi xadimlər, media nümayəndələri fəal iştirak etməlidir".

Bünyamin Bünyadzadə