"Onlar anlamalıdırlar ki..." - Deputatdan nazir barədə sərt sözlər

“Ötən gün Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşdə ermənilər Azərbaycan dövlətinə humanist davranışlara görə təşəkkür edib. Qarabağdan köçməkdə olan ermənilər isə bir nəfər kimi heç bir təzyiqlə üzləşmədiklərini və Azərbaycanı könüllü tərk etdiklərini bəyan edirlər”.
Bunu TNS-ə deputat Bəhruz Məhərrəmov deyib.
“BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı isə rəsmən məlumat yayıb ki, Qarabağı tərk edən ermənilərin pis rəftara məruz qalması ilə bağlı heç bir məlumat yoxdur”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin razılığı ilə BMT missiyası həftəsonu Qarabağa gələrək sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirəcək: “Oktyabrın 2-də isə Azərbaycan hökumətinin aidiyyəti İşçi qrupunun üzvlərinin Xankəndi şəhərinə səfəri nəzərdə tutulur.
Bir sözlə, proseslər şəffaf və aydın formada, Azərbaycanın beynəlxalq hüquqa hörməti, ümumbəşəri dəyərlərə sədaqəti çərçivəsində inkişaf edir.
Bütün bunların fonunda Almaniyanın xarici işlər naziri Annalena Berbok yenidən Azərbaycanın daxili işlərinə öz burnunu soxmağa başlayıb. Nazir iddia edib ki, "Dağlıq Qarabağ"da real vəziyyət barədə beynəlxalq ictimaiyyətin müstəqil baxışına heç vaxt olmadığı qədər ehtiyac var. "Dağlıq Qarabağ"da insanlar görməlidirlər ki, tək deyillər".
BMT Təhlükəsizlik Şurasının məlum iclasındakı fiaskodan sonra alman nazirin yenidən bu qədər siyasi həyasızlıq nümunəsi ortaya qoyması ilk növbədə göstərir ki, müasir Almaniya mahiyyətcə 80 il öncəki faşist iqtidarından fərqlənmir və vaxtilə Hitlerin kəsdiyi "Bakı tortu"nu hələ də "yeməkdə" israrlıdır. Əslində Almaniya üçün erməni amili önəmli deyil, önəmli olan Cənubi Qafqazın əsas güc sahibi olan Azərbaycana münasibətdə rıçaqlar əldə etməkdir.
Əlində 600 min azərbaycanlının qanı hələ qurumamış neofaşist Almaniyası yaxın 3 illik dövrü təhlil edib anlamalıdır ki, hər hansı beynəlxalq subyekt bu regionda maraqlarını yalnız bərabərhüquqlu əməkdaşlıq formatında təmin edə bilər, o cümlədən də Almaniya. Hitler ruhlu Berbok da anlamalıdır ki, "Azərbaycandan müdafiə etmək" adı altında əslində erməniləri böyük fəlakətlərə sürüklədir. Bu gün Ermənistan Azərbaycandan yox, Almaniya, Fransa kimi subyektlərdən müdafiə olunmalıdır. Ötən gün Prezident İlham Əliyevin də Zəngilandan bəyan etdiyi kimi, "bizim ermənilərə qarşı başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Bunu Ermənistan hakimiyyəti də, onun arxasında duran himayədarları da bilsin və Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflər bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik".