Hakan Paksoy: “Beynəlxalq hüquqa uyğun olan bu əməliyyata heç kim etiraz edə bilməz”
“Türk dünyasının müstəsna üzvü olan Azərbaycan türkləri yeddi qardaşımızın terror aktı nəticəsində şəhid olmasından sonra hərbi əməliyyat keçirdi. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Bunu TNS-ə Türkiyədəki Milli Düşüncə Mərkəzinin başqanı Hakan Paksoy bildirib.
Mərkəz rəhbəri İkinci Qarabağ savaşında Azərbaycanın işğaldakı ərazilərini azad etdiyini xatırladıb: “Ancaq qismən də olsa, ərazilərin bir hissəsi Azərbaycanın nəzarətində deyildi. Oraya rus hərbi kontingenti yerləşdirilmişdi.
ABŞ, Fransa, İran və erməni diasporu Ermənistanı təhrik edərək, problemi daha da ağırlaşdırmağa çalışır. Azərbaycanın keçirdiyi hərbi əməliyyat öz torpaqlarında sabitliyin təmin olunması üçündür. Beynəlxalq hüquqa uyğun olan bu əməliyyata heç kimin etirazı olmamalıdır”.
Hakan Paksoy əlavə edib ki, bölgədə sülhə təhdidin mövcudluğu orada savaşa səbəb olacaq qədər gərginliyin yaranması deməkdir: “Qarabağın terrorçulardan təmizlənməsi həyati əhəmiyyət kəsb edir. Bu, sülhün bərqərar olması üçün də önəmlidir. Regioanda terrorçuların arxasında kimlərin olduğuna da diqqətlə baxmaq lazımdır. ABŞ, Fransa, İran və erməni diasporunun bölgənin sabitliyi üzərindəki kölgəsi artıq qalxmalıdır. Sülh razılaşması əldə olunandan sonra dövlətlər diqqətlərini xalqlarının rifah və inkişafına yönəldəcək. Dünyanın Azərbaycanın barışa və rifaha yönəlik davranışını dəstəkləməsi, Ermənistan və erməni xalqını bölgə şərtlərinə zidd davranmalarına məcbur etməməsi lazımdır. Bəzi ölkələrin reallıqdan uzaq addımları sabitliyi pozar, Ermənistanı yeni məcraya sürükləyər. Bu davranışların nəyə xidmət etdiyi anlaşılmır.
Əziz Azərbaycan türklərinin torpaqları tam azad olana, terrorçulardan təmizlənənə, bölgədə hüzur, sabitlik, təhlükəsizlik təmin olunana qədər mübarizəsi davam edəcək”.