“Azadlıq radiosu”nun düşmənçilik fəaliyyəti araşdırılmalı, bu media orqanı barədə radikal qərarlar qəbul edilməlidir

“Azadlıq radiosu”nun Qızıl Aypara Cəmiyyəti tərəfindən Bakıdan yola salınan yardıma dair mövqeyi bizim üçün təəccüblü deyil. Çünki bu radio fəaliyyəti dövründə Qərbin insan haqlarının müdafiəsi adı altında təşkil etdiyi səlib yürüşlərində ən vacib alətlərdən biri kimi çıxış edib. “Azadlıq radiosu” adətən, hədəfə aldığı bölgələr üzrə satılmış, xəyanətkar ünsürlərlə iş birliyində fəaliyyət göstərir, daha doğrusu, onların xidmətindən istifadə edir”.
Bunu TNS-ə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
“Sırf Azərbaycanla bağlı fəaliyyət tarixinə nəzər salsaq, "Azadlıq radiosu"nun bir dəfə də olsun, beynəlxalq hüququ, haqqı, ədaləti rəhbər tutaraq, mövqe sərgilədiyini, işğala işğal dediyini, təcavüzü pislədiyini, 1 milyondan çox insanın təməl haqlarının pozulduğunu dilə gətirdiyini görməmişik. Amma hansısa siyasi partiya üzvü məhkəmə qaydasında sübut olunmuş cinayətinə görə cəzaya məruz qalan zaman bu radio dərhal haqq davaçısına, siyasi məhbus müdafiəçisinə çevrilir. O cümlədən də bu radionun milli kimliyini itirmiş “müəllifləri” və daimi müsahibləri, “azad”, “yaradıcı” mühitdə Qərbdən gələn tezisləri şövqlə realizə edirlər”, - deputat bildirib.
Bəhruz Məhərrəmovun sözlərinə görə, əgər bir media orqanı medianın qarşısında duran vəzifələri aşaraq sabitliyi, sülh və əmin-amanlığa yönəlik fəaliyyətləri hədəfə alırsa, deməli, artıq təhdidə çevrilir: “Bu mənada "Azadlıq radiosu" başda olmaqla, Azərbaycana və bütövlükdə bölgədə sağlam mühitə qarşı yönəlmiş düşmənçilik fəaliyyəti araşdırılmalı, ən radikal qərarlardan çəkinilməməlidir”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli isə TNS-ə deyib ki, “Azadlıq radiosu”nun Azərbaycana qarşı münasibəti heç zaman birmənalı olmayıb: “Əlbəttə, efirində Azərbaycanın nəfinə olan obyektiv məlumatlar da səsləndirib. Ədalət naminə bunu etiraf etmək lazımdır. Amma belə obyektiv xəbərlərin, məqalələrin kəmiyyəti o qədər azdır ki, neqativ tutumlu, qərəzli, qeyri-obyektiv materialların kölgəsində qalır, görünməz olur. Biz son 30 ildə bu cür qeyri-stabil davranışların şahidi olmuşuq. Özünü azadlıq carçısı adlandırsa da, reallıqda siyasi konyukturaya uyğun davranıb. Bu da təsadüfi deyil”.
Ekspertin fikrincə, nəzərə almaq lazımdır ki, “Azadlıq radiosu” ABŞ Konqresindən maliyyələşir. Davranışlarında müstəqil deyil, təsisçisi olan çevrənin maraqlarından çıxış edir: “ABŞ Konqresində müşahidə edilən çoxsifətlilik radionun siyasətində də özünü büruzə verir. Bunun adını plüralizm qoyurlar. Amma nəzərə almırlar ki, plüralizm - fikir fərqliliyinin təmin edilməsi naminə yalanın, böhtanın, qərəzin tirajlanması deyil. Dərc edilən fikir obyektiv, qərəzsiz, layiqli olmalıdır. Azərbaycanla bağlı bu radionun efirində tirajlanan fikrlərin çoxu qeyri-obyektiv olduğu üçün narahatlıq doğurur. Onların Ağdam-Xankəndi yolu ilə humanitar yük daşınması mövzusuna yanaşmaları da bu qəbildəndir. Azərbaycan öz suveren ərazisində suveren davranış nümayiş etdirir. Burada ironiya doğuracaq, satirik görünəcək nə var ki? “Azadlıq radiosu” görəsən, ABŞ-ın suverenliyi ilə bağlı mövzuları da belə ironik qarşılaya bilirmi? Bu radio ilə bağlı hansısa ölçü götürülməsi məsələsinə gəlincə, demək lazımdır ki, Azərbaycan demokratik ölkədir. Burada fikir fərqliliyinə, tənqidin yayılmasına görə hansısa KİV-in bloklanması təcrübəsi yoxdur. Odur ki, bu karikaturaya görə “Azadlıq radiosu”na qarşı hansısa sanksiya tətbiq ediləcəyini də gözləmirəm. Reallıqda baxanda isə “Azadlıq radiosu” belə qeyri-obyektiv yanaşmaları ilə Azərbaycandan daha çox özünün imicinə zərbə vurur. Özünə olan etimadı zəiflədir”.