Fransadakı ermənilər ciddi seçki elektoratı sayılmır – Bəs fransızların “erməni sevgisi” nədən qaynaqlanır? - FAKTLAR, XƏRİTƏLƏR

Məşhur bir məsəl var: “Roma Papasından artıq katolik olmaq olmaz”.
Azərbaycan müstəqillik tarixinin ən ağır problemi olan, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun hərbi yolla həll etdiyi keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin bütün tarixi boyu erməniləri açıq-aşkar müdafiə edən Fransanın bu “erməni sevdası”nın kökündə nə yatır? Fransızlar niyə “ermənidən artıq erməni olmaq” istəyirlər? Fransa əvvəllər ATƏT-in bədnam Minsk qrupunun üzvü kimi müharibə yolu ilə həll edilənədək 28 il sürən münaqişənin ilk illərində erməni işğalına göz yumub, münaqişənin “dondurulmuş fazası”nda ermənilərə hər cür siyasi-diplomatik, maddi və hərbi yardımı əsirgəməyib. BMT-də, Avropa İttifaqında, ATƏT-də, Avropa Şurasında, Avropa Parlamentində, AŞPA-da, şəklini dəyişmiş imperializmin yeni modeli (formal baxımdan “mədəni imperializm” də deyə bilərik) olan Beynəlxalq Frankofoniya Təşkilatında (fransız dilinin birləşdirdiyi ölkələr arasında əlaqələndirmənin təşkili məqsədilə yaradılan institutsional mexanizmdir) və gücünün çatdığı digər beynəlxalq və regional təşkilatlarda erməniləri daim müdafiə edib. Bəs Fransa niyə inkişaf etmiş Qərb ölkələri arasında ən çox daxili iğtişaşların olduğu, beynəlxalq mövqelərinin zəiflədiyi bir vaxtda ermənilərdən “əl çəkmir”?
Ən son bir gün əvvəl, avqustun 15-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı nəticəsində Fransa tərəfindən verilmiş açıqlama zamanı Azərbaycana qarşı əsassız iddialar irəli sürülüb, guya Laçın yolunun Azərbaycan tərəfindən “blokadada” saxlanıldığı və bunun nəticəsində “erməni sakinlərin ciddi humanitar böhranla üzləşdiyi” ilə bağlı fikirlər səsləndirilib. Bundan başqa, erməni tərəfin guya Azərbaycan Silahlı Qüvvələrinin Avropa İttifaqının Ermənistandakı Missiyası nümayəndələrinə atəş açdığı barədə dezinformasiyanın Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və elə həmin Aİ Missiyası tərəfindən də təkzib olunmasına baxmayaraq, Fransız nazirin “missiyaya qarşı atəş açılması” saxta məlumatına öz açıqlamasında, yumşaq desək riyakarcasına istinad etməsi Fransanın “erməni sevgisi”nin ən son təzahürüdür.
Münaqişənin həlli ilə bağlı bədnam Minsk qrupu çərçivəsində danışıqların ən qızğın vaxtlarında Fransa özünü nisbətən təmkinli aparır, ən azı belə açıq-aşkar şəkildə diplomatik həyasızlıq nümayiş etdirmirdi. Xüsusilə Fransa prezidentləri Fransua Mitteranın və Jak Şirakın dövründə Fransız siyasi dairələri təcavüzkar erməniləri açıq dəstəkləmək xəttindən imtina etmişdilər. Lakin Nikola Sarkozidən başlayaraq (2007-2012-ci illərdə prezident olub) Fransanın təcavüzkarı dəstəkləmə siyasəti açıq xarakter alıb. Belə ki, Azərbaycan tərəfindən irəli sürülmüş və 2008-ci il martın 14-də BMT Baş Məclisi tərəfindən özünün 62-ci sessiyasında qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı 62/243 saylı qətnamənin əleyhinə səs verən 7 ölkədən 3-ü bədnam Minsk qrupunun 3 həmsədri, BMT Təhlükəsizlik Şurasının üzvləri – ABŞ, Rusiya və Fransa idi (məsələn, BMT TŞ-nın digər iki üzvü – Böyük Britaniya və Çin bitərəf qalmışdı). Nəzərə alsaq ki, tövsiyə xarakteri daşıyan sənəddə Azərbaycan Respublikasının “Dağlıq Qarabağ” regionunda və onun ətrafında silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməsindən ciddi narahatlıq ifadə olunurdu, o zaman bu 3 ölkənin beynəlxalq sülh və təhlükəsizlikdə qətiyyən maraqlı olmadığı aydın olur. Əlbəttə, biz dövlətlərin bu gün də tamamilə 15 il əvvəlki analoji mövqelərində qaldığında israr etməyə bilərdik. Amma sürətlə dəyişən dünyada bu ölkələrin dəyişməyən bir iddiası – imperializm planları nəinki qalmaqda, getdikcə daha da güclənməkdədir. Üstəlik, çox şey dəyişsə də, məsələn, Azərbaycan öz lideri Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə bütün yolları (siyasi, diplomatik, hərbi, iqtisadi və hətta sosial) bir nöqtəyə doğru istiqamətləndirərək, 44 günlük Vətən müharibəsində keçmiş münaqişəni təkbaşına (Türkiyənin siyasi-mənəvi dəstəyini də hiss edərək), BMT-nin 1993-cü il qətnamələrini də 27 il sonra özü icra edərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etsə də, regionda yeni geosiyasi vəziyyət yaransa da, imperialistlərin “erməni sevdası” dəyişmir.
Nikola Sarkozidən sonra hakimiyyətdə olmuş fransız prezident Fransua Olland da erməni sevgisini açıq büruzə verirdi. Onun sələfi Emmanuel Makron (2017-ci ildən prezidentdir) isə ermənilərə özünün məxsus olduğu fransızlardan daha çox məhəbbət bəsləyir. Bu fikri nahaq səsləndirmədik. Belə ki, məşhur “sarı jiletlilər” hərəkatının və pensiya yaşının artırılması əleyhinə çıxaraq etiraz edənlərin nümayişlərini vəhşicəsinə dağıtdığı, etirazçılara divan tutduğu bir vaxtda, az qala Qarabağ regionunun bütün şəhər, qəsəbə və kəndlərini virana çevirib, Xocalı, Malıbəyli, Qaradağlı, Ağdaban və s. şəhər və kəndlərimizdə vəhşicəsinə soyqırım törədən, bu soyqırımların nişanəsi kimi torpaqlarımız işğaldan azad edildikdən sonra bir-birinin ardınca aşkar edilən toplu məzarlar (ən sonuncusu elə bu günlərdə Şuşada aşkarlandı) “yaradan” erməni faşizminə bu sonsuz “fransız sevgisi”nin səbəbi nədir?
Bu sualın əslində sadə bir cavabı var. Azərbaycan cəmiyyətində belə bir yanlış fikir var ki, guya Fransada böyük erməni elektoratı var və onlar bu ölkədəki seçkilərə çox ciddi təsir göstərmək iqtidarındadırlar və buna görə də ermənilərə qarşı tükənməyən “fransız sevgisi”nin kökündə bu amil dayanır. Əlbəttə, qeyd etməliyik ki, bir milyona yaxın erməninin məskunlaşdığı ABŞ-dan sonra dünyada ermənilərin yaşadığı ikinci ölkə Fransadır. Bəzi məlumatlara görə, bu ölkədə 500 min, digər məlumatlara (erməni mənbələrinə) görə isə 600 min nəfərə yaxın erməni yaşayır (Fransa əhalinin rəsmi siyahıyaalınmasında etnik mənsubiyyəti göstərməyi qadağan etdiyindən bu sayı dəqiqləşdirmək çətindir). Təbii ki, erməni lobbi təşkilatlarının maliyyə gücünü nəzərə alsaq, onların Fransa siyasi elitasına əhəmiyyətli təsir göstərə biləcəyi ehtimalı özünü doğrulda bilər.
Amma biz bu fikirdəyik ki, Fransadakı erməni lobbisi fransız seçicilərinin ümumi iradəsinə, bununla da, Fransadakı seçkilərin taleyinə qətiyyən təsir göstərə bilməz. Çünki Fransadakı ermənilərin nə sayı, nə də elektoral gücü bu səviyyədə deyil. Belə ki, 2003-cü il yanvarın 1-nə olan məlumata görə, Fransanın əhalisi 68 milyon nəfərdən bir az artıqdır. Bu əhalinin 48,8 milyonu (Sakit okeandakı fransız müstəmləkəsi olan Yeni Kaledoniya istisna olmaqla), yəni 71,7 faizi seçki hüququ olan vətəndaşlardır. Beləliklə, ən sadə hesablamalardan aydın olur ki, ermənilər Fransa əhalisinin 0,9 faizdən aşağı hissəsini təşkil edir. Analoji rəqəmlərdən çıxış edərək hesablama aparsaq, yəni bu 600 min nəfərlik erməni əhalinin 71,7 faizinin erməni seçicisi olduğunu düşünsək, erməni mənşəli seçici sayının cəmi 430 min nəfər olduğu bəlli olur. Beləliklə, ən yaxşı halda erməni mənşəli seçici bütövlükdə Fransadakı seçici sayının 0,9 faizindən də azdır. Belə olduğu halda, erməni elektoratı Fransada hər hansı seçkiyə, xüsusilə prezident seçkilərinə necə təsir göstərə bilər? Üstəlik, nəzərə alsaq ki, bu 600 min nəfərlik erməni əhali əsasən Fransanın 3 vilayətində cəmlənmişdir: 200 min nəfər – inzibati mərkəzin Paris şəhəri olduğu İl-de-Frans regionunda, 150 min nəfər – mərkəzi Lion şəhəri olan Overn-Ron-Alp regionunda, 150 min nəfər – mərkəzi Marsel olan Provans-Alp-Kot-d’Azur regionunda. İl-de-Frans regionunun əhalisinin 12,36 milyon, Overn-Ron-Alp regionunun əhalisinin 8,2 milyon, Provans-Alp-Kot-d’Azur regionunun əhalisinin 5,16 milyon nəfər olduğunu nəzərə alsaq, bu regionların erməni əhalisinin sayı İl-de-Fransda 1,6 faiz, Overn-Ron-Alpda 1,8 faiz, Provans-Alp-Kot-d’Azurda 2,9 faizdir. Başqa sözlə, ermənilərin Fransada nə regional, nə milli səviyyədə, nə prezident, nə parlament, nə də bələdiyyə seçkilərinə təsir edəcək qədər elektoral gücləri yoxdur. Onu da qeyd edək ki, ermənilər Fransada rəsmi statistikaya görə fransız olmayan əhalinin (bir daha qeyd edirik ki, belə əhalinin sayı daha çoxdur, sadəcə fransız statistikası onların dəqiq qeydiyyatını aparmağa imkan vermir) ən yaxşı halda 1/9-ni təşkil edirlər. Fransa demokratik dünyada özündə əhalinin etnik bölgüsünü rəsmi şəkildə tanımayan yeganə ölkədir. Təkcə bir faktı – ölkədə 6 milyondan çox müsəlman əhalinin yaşamasını qeyd etmək kifayət edir ki, fransız rəsmi statistikasının milli və irqi ayrı-seçkiliyə açıq şəkildə yol verdiyi aydın olsun. Yəni fransız rəsmi mövqeyi belədir ki, Fransada yalnız fransızlar yaşayır. Lakin bu halda belə ermənilərə xüsusi münasibət var.
Hər halda ermənilərə “fransız sevgisi”nin haradan yarandığı sualına cavab vermək lazımdır. Bizə görə, bu sevgi iki şeydən qaynaqlanır: birinci, Fransanın imperializm siyasəti; ikinci, Fransa prezidenti olacaq və ya artıq prezident kimi fəaliyyətdə olan şəxsin maliyyələşdirilməsi, eynilə parlament seçkilərində seçiləcəyi şübhə doğurmayan və ya artıq seçilmiş parlament üzvünün şirnikləndirilməsi.
Birinci amili şərtləndirən tarixi əsaslar mövcuddur. Belə ki, hələ XIX əsrdə Fransanın “erməni məsələsi”nə xüsusi münasibəti olub, daha dəqiq desək, Osmanlı imperiyasının ərazilərinin parçalanıb bölüşdürülməsi prosesində pay sahibi olmaq üçün ermənilərdən istifadə məqsədi güdülüb. Tarixdən məlumdur ki, ilk dəfə ermənilərlə bağlı məsələ Osmanlı Dövləti ilə çar Rusiyası arasında bağlanmış 3 mart 1878-ci il San-Stefano müqaviləsində (16-cı maddə) və 13 iyul 1878-ci il Berlin traktatında (61-ci maddə) öz əksini tapmışdı. 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsinin nəticəsi olaraq bağlanmış ilk müqavilə Osmanlı Dövləti üçün ağır şərtlər müəyyənləşdirir, Rusiyanı isə Balkan yarımadasında və Kiçik Asiyada əsas böyük güc edirdi. Bu isə Qərbi Avropa imperialistlərini qətiyyən razı sala bilməzdi. Buna görə də cəmi 3 ay sonra, iyunun 13-də Berlində Almaniya, İngiltərə, Fransa, Avstriya-Macarıstan, İtaliya və Rusiyanın iştirakı ilə Osmanlı Dövlətinin də təmsil olunduğu konqres çağırıldı. Berlin traktatı ilə Osmanlı Dövlətinin bir çox torpaqları həmin imperialist dövlətlər tərəfindən işğal edildi, bir hissəsi parçalanaraq digər region dövlətlərinin tərkibinə verildi və Osmanlının üzərinə Şərqi Anadolunun Vilayeti-Sitte adlanan 6 vilayətində (Ərzurum, Van, Harput, Diyarbəkir, Sivas və Bitlis) ermənilərə gələcəkdə müstəqil dövlət qurmaları məqsədi ilə siyasi muxtariyyət verilməsi öhdəliyi qoyuldu. Lakin bu 6 vilayətdə erməni əhali çoxluq təşkil etmədiyi üçün siyasi muxtariyyət verilməsi kağız üzərində qaldı. Əvəzində ermənilər XIX əsrin sonunadək Şərqi Anadoluda güclü terrora və soyqırıma rəvac verdilər. Bu qanlı hadisələrdə erməniləri həmin Qərb imperialistləri, ən çox da Fransa maddi və hərbi cəhətdən dəstəkləyirdi. Lakin nəticədə Osmanlı Dövləti ermənilərin bu cinayətkar hərəkatını yatırtmağa nail oldu və bundan sonra ermənilərin bir qismi xaricə mühacirət etdilər. Fransanın göstərdiyi fəal dəstəyin nəticəsi idi ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Avropaya qaçan ermənilərin bir çoxu bu ölkədə məskunlaşdı. Xatırladım ki, ermənilərin Cənubi Qafqaza, Azərbaycan torpaqlarına kütləvi köçünün bir mərhələsi də məhz bu ərəfədə olmuş, ardınca ermənilər 1905-1907-ci illərdə Azərbaycan türklərinə qarşı soyqırımın ilk mərhələsini törətmişdilər.
İkinci amilə gəldikdə isə, əminik ki, seçki elektoratında gücü 0,9 faizə çatmayan erməni lobbisinin, maliyyə imkanları nə qədər güclü olsa da, hər halda, seçicilərin qalan 99 faizinin maddi cəhətdən ələ alınmasına dəstəklənməsinə və seçkilərdə lazım olan nəticənin qazanılmasına maliyyə, vaxt və fiziki baxımdan qüvvəsi yetməz. Burada daha asan bir yol qalır – ən şanslı namizəd(lər)in və ya daha yaxşı halda artıq seçilmiş prezidentin maliyyələşdirilməsi, öz adı ilə çağırsaq, seçki korrupsiyası. Bizim fikrimizcə, bu, daha real və ağlabatandır, nəinki seçkilərə elektoral baxımdan təsir imkanları.
Beləliklə, 150 il əvvəl olduğu kimi, bu gün də ermənilərə bəslənən “fransız sevgisi”nin kökündə, Fransız Qayanası istisna olmaqla, uzaq və yaxın Qərbdə (Cənubi və Mərkəzi Amerikada, Avropada) heç bir müstəmləkə və ya nüfuz dairəsi əldə etmək şansı olmayan, Afrikadan isə sıxışdırılıb çıxarılan, getdikcə ümidini artıq Türkiyənin nüfuzunun gücləndiyi müsəlman ölkələrindən, Yaxın Şərqdən nəsə qoparmağa bağlayan, əbədi və əzəli müttəfiqi ABŞ tərəfindən “icazə verilən dairədə” müstəmləkəçi ölkəyə çevrilən Fransanın imperialist maraqları, bu maraqların həyata keçirilməsində “erməni kartı”ndan istifadə və Fransada siyasilərin karyera yüksəlişində erməni maliyyəsi, faktiki korrupsiya dayanır. Başqa sözlə, ermənilərin bilavasitə bütövlükdə fransız seçicisinin iradəsinə təsir göstərməklə bu ölkədəki seçkilərin nəticələrini müəyyənləşdirmək imkanları yox dərəcəsindədir. İndi aydındır ki, qocaman Fransa demokratiyası XXI əsrdə ermənilərin korrupsiya sxeminə qurban gedib.
Elman Cəfərli,
Naxçıvan MR Ali Məclisinin komitə sədri, YAP Naxçıvan Şəhər Təşkilatının sədri