Quru sərhədlər nə vaxt açılır? - Deputatdan AÇIQLAMA

“Quru sərhədlərinin açılması çox vacibdir və iyul ayının birindən sərhədlər açılarsa, bu, vətəndaşlarımız üçün toy-bayram olacaq. Bunu bir-iki il əvvəl də etmək olardı. Biz də düşünürdük ki, sərhədlərin bağlı qalması pandemiya ilə əlaqədardır. Amma Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini artıq elan edib. Məntiqlə bu maneə də bizim hökumət tərəfindən aradan qaldırılmalı idi”.
Bunu TNS-ə açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Millət vəkili Prezident İlham Əliyevin quru sərhədlərin açılması ilə bağlı ötən ilin iyul ayındakı açıqlamasını xatırladıb: “Mən cənab Prezidentin dediklərindən o məqamı tutdum ki, bu, yalnız pandemiya ilə bağlı məsələ deyil. Azərbaycan həssas dövrlərdən keçdiyinə görə, yəqin ki, sərhədlərin bağlı qalması dövlətimizin suverenliyi, müstəqilliyi üçün lazım idi. Çünki həm cənubdan, həm də şimaldan Azərbaycana qarşı təhdidlər yaranmışdı. Dövlətimiz bu təhdidlərin qarşısını almaq, öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün populyar olmayan bu qərarı verməli idi”.
Deputat hesab edir ki, müəyyən təhlükəli məqamlar aradan qalxıb. Sərhədləri açmaq üçün ciddi bir maneə yoxdur:
“Təxminən yarım milyona yaxın vətəndaşımız quru sərhədlərindən istifadə etməklə kiçik ticarətlə məşğul olurdu və bununla ailəsini saxlayır, eyni zamanda iqtisadiyyata da töhvə verirdi. Bu da iqtisadiyatımızın inkişafı üçün çox önəmli amil idi. Artıq turizm mövsümü başlayıb. Həmçinin yarım milyona yaxın insanın da məhz quru sərhədlərindən istifadə edərək ölkəmizə turist kimi gəlməsinə şərait yaranacaq”.
Deputat təyyarə biletlərinin baha olduğunu bildirərək deyib ki, vətəndaşlarımız quru sərhədlərindən istifadə edərək ölkədən kənardan yaşayan, təhsil alan yaxınlarının yanına gedə, tələbələrimiz vətən qayıda biləcək.
“İnsanlarımız öz xəstələrini quru sərhədləri vasitəsilə başqa ölkələrə aparmaq imkanına malik olacaqlar. Təbii ki, dövlət və hökumət daha doğrusunu bilir. Ancaq sərhədlərin açılması artıq vacib bir məsələyə çevrilib”, - Razi Nurullayev əlavə edib.