Rus hakerler Bayraktar ailəsini təhdid edib

Kremlin dəstəklədiyi “Killnet” haker qrupu Telegram kanalında Türkiyənin “Baykar” şirkətinə və şirkətin sahibi Bayraktar ailəsini təhdid mesajı yayıb.
TNS “haberler.com”saytına istinadla xəbər verir ki, bu barədə “Dünya” qəzeti məlumat verib.
"Bayraktar qardaşlarını aradan götürmək necə? Çoxları deyir ki, Türkiyə qardaşdır və Rusiyanın mövqeyini dəstəkləyir. Bizim üçün Türkiyə Macarıstan və Serbiya istisna olmaqla Ukrayna, Litva və digər Avropa ölkələri kimidir",- mesajda qeyd olunub.
Qeyd edək ki, BBC Rus xidmətinə müsahibə verən "Baykar" baş direktoru Haluk Bayraktar, "Moskva sizə böyük pul təklif etsə, Bayraktarı onlara satardınızmı?" sualına, “Bizim işimizin əsası heç vaxt pul və maddiyyat olmayıb. Moskva bizə nə qədər pul təklif etsə də, biz onlara Bayraktar satmayacağıq” cavabını verib. Haker qrupunun təhdid mesajı da bu açıqlamalardan sonra gəlib.
Həmçinin Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Sergey Tsekov “Baykar” şirkəti Ukraynada silahlı pilotsuz uçuş aparatları (SİHA) istehsalı üçün fabrik qurarsa, həmin obyektin qanuni hədəf olacağını deyib.