Zelenski: "Rusiya danışıqları pozmaq üçün hər şeyi edir"

“Rusiya müharibəni uzatmaq və danışıqları pozmaq üçün hər şeyi edir”.
TNS xəbər verir ki, bu barədə Ukrayna Prezedenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.
Ölkə başçısı deyib: "Rusiya müharibəni uzadır və hələ də Moskvaya təzyiqlə deyil, sözlə təsir etməyə çalışan ölkələri aldadır. Söz verdikləri və bir həftədən artıqdır hazırladıqları “memorandum”u hələ heç kim görməyib”.
Qeyd edək ki, İstanbulda danışıqların yekunlaşmasından sonra Rusiya atəşkəslə bağlı memorandum hazırladığını açıqlayıb. Kreml nümayəndələrinin fikrincə, sənəd gələcək sülh müqaviləsi üçün əsas ola bilər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqların ikinci raundunun iyunun 2-də yenidən İstanbulda keçirilməsi təklifini açıqlayıb. Məhz orada Rusiya tərəfi öz memorandumunu təqdim etməyi planlaşdırır.
Buna cavab olaraq Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, Kiyev artıq Moskvaya öz təkliflərini təqdim edib. Xarici işlər naziri Andrey Sibiqa Rusiyanı iyunun 2-nə qədər gecikdirmədən Ukraynaya sənədin mətnini göndərməyə çağırıb.
Lakin Rusiya lideri Vladimir Putin Sibiqanın tələbini qeyri-konstruktiv adlandırıb.