Volodimir Zelenski Almaniyaya səfər etdi

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 28-də Almaniyaya səfərə gedib.
TNS xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts və Volodimir Zelenski ikitərəfli görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Kansler Fridrix Merts çıxışında Almaniyanın Rusiyaya qarşı təzyiqi artırmaq niyyətində olduğunu və Ukraynaya hərbi yardımın daha da genişləndirilərək davam etdiriləcəyini bildirib, Almaniya və Ukraynanın uzaqmənzilli silah sistemlərinin alınması ilə bağlı niyyət protokolu imzalayacaqlarını vurğulayıb. Bu silahlar üçün məsafə məhdudiyyətinin nəzərdə tutulmadığını qeyd edən Kansler deyib: “Ukrayna bununla özünü həm də ölkə sərhədlərindən kənarda yerləşən hərbi hədəflərə qarşı tam şəkildə müdafiə edə bilər”.
Almaniyanın və Ukraynanın aidiyyəti nazirlikləri arasında sıx əməkdaşlığın həyata keçirildiyini vurğulayan Kansler bu əməkdaşlığın daha da genişləndirilməsini istəyini ifadə edib, uzun fasilədən sonra bu ilin sonunda hökumətlərarası məsləhətləşmələrin baş tutacağını deyib.
Fridrix Merts atəşkəs üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq Ukraynanın yerindən asılı olmayaraq danışıqlara hazır olduğunu və Avropa ölkələrinin bu prosesi dəstəklədiklərini bildirib. “Biz, həmçinin ABŞ-ın dəstəyinə güvənirik”, – deyən F.Merts indiyədək göstərdiyi təşəbbüslərə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Bundan başqa, Kansler Almaniya hökumətinin “Şimal Axını-2” layihəsinin bir daha istifadəyə verilməməsi üçün əlindən gələni edəcəyini diqqətə çatdırıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə etdiyi dəstək səfərinə görə Kansler Fridrix Mertsə təşəkkür edib və bu səfəri Ukrayna xalqı üçün güclü siqnal adlandırıb.
O bildirib ki, Ukrayna və Almaniya sülhə nail olmaq üçün birgə çalışır, ortaq diplomatik və təhlükəsizlik təşəbbüsləri həyata keçirir. O, Rusiyanın atəşkəsə dair hələ də konkret iradə nümayiş etdirmədiyini vurğulayaraq bildirib ki, bunun üçün Rusiyaya mümkün olan bütün təzyiqlər göstərilməsi, sanksiyalar gücləndirilməlidir.
V.Zelenski Almaniyanın Ukraynanın Hava Hücumundan Müdafiə sisteminə verdiyi dəstəyə xüsusi təşəkkür edib və bunun minlərlə insanın həyatını xilas etdiyini vurğulayıb. Eyni zamanda, silah tədarükü və onların atış məsafəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini qeyd edib. “Ölkələrin silahların məsafəsinə dair bizə məhdudiyyətlər qoymaması bizim üçün vacibdir. Yalnız bu yolla ordumuzun və dayanıqlılığımızın davamlı olmasını təmin edə bilərik. Rusiyanın aktivləri dondurulmalıdır, Almaniya bu məsələdə də bizə yardım edə bilər”, - deyə Ukrayna Prezidenti bildirib.
O, Ukrayna ilə Almaniya arasında ortaq hərbi sənaye layihələrinin başladığını və pilotsuz uçuş aparatlarının birgə istehsalına dair müqavilələrin imzalandığını açıqlayıb. V.Zelenski, həmçinin alman şirkətlərini Ukraynanın müharibədən sonrakı bərpası prosesində də fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, Volodimir Zelenskinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə də görüşü nəzərdə tutulub.