Close

14:03
25 May 2025

Bu ölkə seçkiyə hazırlaşır

Cənubi Koreyada iyunun 3-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 44,39 milyon nəfərin adı seçici siyahısına daxil edilib.

TNS Cənubi Koreyanın Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, seçicilərin 44,13 milyon nəfəri ölkə daxilində, qalanı isə xaricdə yaşayan koreyalılardır.

Səsvermə hüququ olanların sayı 2022-ci ildəki seçkiləri ilə müqayisədə 195 minə yaxın artıb. Qadın seçicilərin sayı kişilərə nisbətdə cüzi üstünlük (1 faiz) təşkil edir.

Ən çox seçici Kyonqgi vilayətində (26,4 faiz) və paytaxt Seulda (18,7) qeydiyyatda olan vətəndaşlardır.

Qeyd edək ki, Cənubi Koreyanın sabiq dövlət başçısı Yon Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə prezident seçkiləri təyin olunub. Ölkə tarixində 21-ci dəfə keçiriləcək prezident seçkilərində qalib olmaq üçün 7 nəfərin namizədliyi qeydə alınıb. Onlar arasında əsas müxalif qüvvə olan Demokratiya Partiyasının namizədi Li Ce Myun və hakim Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su daha şanslı hesab olunur.

Prezident seçkiləri ilə əlaqədar erkən səsvermə prosesi mayın 20-də başlayıb. Qaydalara görə, 6 gün davam edəcək erkən səsvermədə xaricdə yaşayan 258 min seçici səs verə biləcək.