Close

Rusiya KİV: "Ermənilər məğlubiyyətdən sonra SSRİ-nin xiffətini çəkirlər"

“Ermənistan müxalifəti İrəvanı Rusiya ilə “İttifaq Dövləti”nə qoşulmağa çağırır”.

TNS xəbər verir ki, bu barədə Ng.ru saytı yazır.

Portal bildirir ki, Rusiya ilə “İttifaq Dövləti”ndə birləşmə son günlər Ermənistanda ən çox müzakirə olunan mövzulardan biridir:

“Mövzu Ermənistanda ilk dəfə İkinci Qarabağ müharibəsindən (Azərbaycana ağır məğlubiyyətdən) sonra populyarlıq qazanıb. Çünki bir çox ermənilər öz respublikalarına inamını itirərək, başqa təhlükəsizlik mənbələri axtarmağa başlayıblar. İndi iqtidar və müxalifət Ermənistanın Avropa İttifaqı və Türkiyə ilə yaxınlaşması, yoxsa Rusiya ilə münasibətləri gücləndirməsi ilə bağlı mübahisələrdə bundan istifadə edir”.

Ermənistan Baş naziri Nikol Paşinyan 2023-cü ilin yanvarında İrəvanın Rusiyadan “İttifaq Dövləti”nə qoşulmaq üçün rəsmi təklif almadığını açıqlayıb. Ermənistanın sabiq prezidenti Robert Köçəryan da ötən həftə yerli KİV-ə müsahibəsində bu mövzuya toxunub. O da iddia edib ki, Rusiya və Belarus liderləri ona heç vaxt Ermənistanın “İttifaq Dövləti”nə qoşulmasını təklif etməyiblər. Amma Robert Köçəryan ölkəsində Ermənistanın bu ittifaqa qoşulması ideyasının müəllifi hesab olunur.

Politoloq Tiqran Köçəryan Ng.ru-ya deyib ki, Ermənistan cəmiyyətində “İttifaq Dövləti”nə inteqrasiya ilə bağlı müxtəlif fikirlər var:

“Hakimiyyət bu prosesi SSRİ-yə qayıdış kimi təqdim edir. Bu mənada Ermənistanın müstəqilliyini itirəcəyini, erməni əsgərlərinin Donbasa gedəcəyini söyləyirlər. Həmçinin bir çoxları “İttifaq Dövləti”nə inteqrasiyanı Rusiya-Belarus tandeminə qoşulmaq kimi təsəvvür edir”.

Köçəryan vurğulayıb ki, “İttifaq Dövləti” mövzusunu müxalifət işləyib hazırlayıb:

“Xüsusilə Robert Köçəryan bu prosesin əsas ideoloqlarından biri sayılır, baxmayaraq ki, özü bu roldan imtina edir. Hər halda Ermənistan əhalisinin müəyyən bir hissəsi SSRİ-nin xiffətini çəkir. Amma hazırda (Nikol Paşinyanın hakimiyyəti dönəmində) “İttifaq Dövləti”nə qoşulmaq mövzusu gündəmdə deyil. Türkiyə ilə yaxınlaşmanın əleyhdarları (Robert Köçəryan və Serj Sərkisyana bağlı qüvvələr) hakimiyyətə gəlsələr, Rusiya ilə münasibətləri bərpa etməyə başlayacaqlar”.