Moskva danışıqlar üçün bu ölkəni qəbul etmir

Kreml Ukrayna ilə sülh danışıqlarının Vatikanda neytral platformada aparılmasında maraqlı deyil.
TNS xəbər verir ki, bu barədə “Bloomberg” diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ və Avropa liderləri Vatikanın danışıqlarda vasitəçi rolunu oynaya biləcəyinə ümid edirlər. ABŞ Prezidenti Donald Tramp daha əvvəl Papa XIV Leonun vasitəçilikdə maraqlı olduğunu bildirib. Bununla belə, mənbələr qeyd edirlər ki, Rusiya Vatikanı uyğun məkan kimi görmür və Vladimir Putinin danışıqlar üçün nə İtaliyaya, nə də başqa yerə səfərini planlaşdırmır.
Mayın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vatikanda danışıqlara dair “heç bir razılaşmanın olmadığını” təsdiqləyib. Eyni zamanda, Avropa Moskvanın müqavimətinə baxmayaraq, Vatikanın ev sahibi və ya vasitəçi kimi iştirakının mümkünlüyünü müzakirə edir.
“Bloomberg” mənbələri Rusiyanın ötən həftə İstanbulda baş tutan texniki danışıqları dəstəklədiyini və orada davam etdirməyə ümid etdiyini bildiriblər. Moskvanın iştiraka razılıq verəcəyi təqdirdə yeni raundun gələn həftə baş tutacağı gözlənilir.