Zelenski: "Rusiyada ABŞ-dən qorxurlar"

Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması yollarının tapılmasında ABŞ vacib rola malikdir.
TNS UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalq axşam müraciətində deyib.
"Artıq mən Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliya hökumətinin başçısı Corcia Meloni, Almaniya Kansleri Fridrix Mertz, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, həmçinin Norveçin Baş naziri Store ilə danışmışam. Bu gün söhbətlərim davam edəcək. Bizə ümumi mövqelər və daha çox koordinasiyalı iş lazımdır", - Zelenski bildirib.
Onun sözlərinə görə, diplomatiya hamı birlikdə olduqda daha güclü olur.
"Tərəfdaşlarımızla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla dünənki söhbətin təfərrüatını və ideyalarını müzakirə edirik. ABŞ-nin bundan sonra da sülh prosesinin iştirakçısı olması vacibdir. Rusiyada ABŞ-dən qorxurlar və məhz ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər. Biz tərəfdaşlarla Rusiya ilə növbəti görüşlər barədə danışırıq. Ukrayna nəticə verəcək istənilən formatda birbaşa danışıqlara tam hazırdır", - dövlət başçısı vurğulayıb.
Ukrayna Prezidenti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 17-ci sanksiyalar paketinə də toxunub.
"Bu, düzgün istiqamətdə atılan addımdır. Rusiyanın sülhə gəlməsi, təcavüzkar və müharibəni uzatmaq niyyətinin qiymətini hiss etməsi üçün nə qədər lazımdırsa, o qədər sanksiya addımları atılmalıdır. Müharibəni uzadan Moskvadır. Buna görə də Rusiyanın nefti, tanker donanması, müharibəni maliyyələşdirən bütün enerji infrastrukturu, bankları, maliyyə sxemləri, hərbi sənayesi sanksiya hədəfləri olmalıdır", - Zelenski vurğulayıb.
Eyni zamanda, o, Ursula von der Leyen ilə növbəti sanksiyalar paketini də müzakirə etdiyini sözlərinə əlavə edib.
"Söhbət 18-ci sanksiyalar paketindən gedor. O, artıq hazırlanır. Həmçinin Böyük Britaniyanın sanksiyalarla bağlı qərarı var - buna görə təşəkkür edirəm. Biz ABŞ ilə də müxtəlif səviyyələrdə sanksiyalar üzrə işləməyə davam edirik. Putinin müharibənin sona çatması barədə yalan danışmaması üçün bunun vacib olduğunu inandırmağa çalışırıq. Zaman bizim haqlı olduğumuzu göstərəcək", - Zelenski söyləyib.