İrəvanda Putinlə bağlı təxribatın arxasında kim dayanır?

"İrəvanda Rusiya Prezidenti Vladimir Putini təhqir edən plakatın görünməsi ilə bağlı təxribatın arxasında "qərb izi" var".
TNS xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı NEWS.ru-nun sualını cavablandırarkən deyib.
O, Ermənistandakı ABŞ səfirliyi əməkdaşlarının bu işdə əllərinin olmasını da istisna etməyib.
"Görünür, hələ də bəziləri başa düşmür ki, Rusiya-ABŞ münasibətlərini stimullaşdırmaq lazımdır, Rusiya-Ermənistan münasibətlərini korlamaq yox. Deyəsən, ABŞ səfirliyində bəziləri əvvəlki qaydalarla yaşayırlar. Bəlkə də Ermənistana USAID xətti ilə ötürülən və məhz belə layihələrlə məşğul olan pul hələ bitməyib", - deyə Zaxarova qeyd edib.
XİN bu təxribatın Rusiya və Ermənistan arasındakı münasibətlərə təsirini istisna edib.
"Bizim Ermənistanla geniş gündəliyimiz var - təkcə müzakirə üçün deyil, konkret, tətbiqi və praqmatik iş üçün. Bunun bəzilərinə xoş gəlmədiyini də bilirik. Ona görə də, konstruktiv və müsbət gündəliyə üstünlük veririk", - Zaxarova vurğulayıb.
Xatırladaq ki, daha öncə bir qrup erməni fəal İrəvanda Rusiya prezidentini təhqir edən plakat asıb. Kadrlar "Facebook"da Avropayönümlü "Respublika naminə" partiyasının lideri Arman Babacanyan tərəfindən paylaşılıb. Bu provokativ aksiya Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvan səfəri öncəsi təşkil edilib.