Ukraynada sülhməramlı qüvvələr yerləşdiriləcək?

"Hazırda Avropa Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi ilə bağlı danışıqlardan uzaqdır və bütün diqqət Rusiyanın şərtsiz atəşkəsi təmin etməsinə yönəlib".
TNS xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts "Röyters" agentliyinə verdiyi açıqlamada bildirib.
O qeyd edib ki, növbəti addım sülh danışıqlarının formatının müəyyənləşdirilməsi və Ukraynanın təhlükəsizlik zəmanətlərinin necə təmin olunacağının aydınlaşdırılmasıdır:
"Hazırda sülhməramlı qüvvələr haqqında danışmağa əsas yoxdur, başlıca prioritet atəşkəs və qətllərin dayandırılmasıdır. İstanbulda keçirilən danışıqlarda Ukrayna nümayəndələrinin mövqeyinin konstruktiv olmasına baxmayaraq görüş “gözləntilərdən aşağı” nəticə verib".
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də müharibə bitmədən ölkəyə sülhməramlıların göndərilməsinin mümkün olmadığını bildirmişdi.
Böyük Britaniyanın Baş naziri Keir Starmer isə sülhməramlı qüvvələrin göndərilməsinə hazır olduğunu, amma bunun ABŞ-nin Avropa ölkələrinin təhlükəsizliyini təmin etmə öhdəliyini qəbul etməsindən asılı olduğunu açıqlamışdı.