Helikopterlər toqquşdu, beş nəfər öldü

Finlandiyanın cənub-qərbində yerləşən Eyura şəhəri yaxınlığında iki mülki helikopter toqquşub.
TNS xəbər verir ki, helikopterlərdən birində iki, digərində isə üç nəfər olub və onların hamısı hadisə yerində həyatını itirib. Mediada yayılan məlumatlara əsasən, həlak olanlar arasında iki estoniyalı iş adamı da olub.
Qəza yerli vaxtla saat 12:35 radələrində (Bakı vaxtı 14.35) baş verib. Toqquşmadan sonra hər iki helikopter yerə çırpılıb. Hadisənin şahidlərindən birinin sözlərinə görə, helikopterlərdən biri manevr edərkən digərinə çırpılıb və nəticədə hər iki hava nəqliyyatı vasitəsi yerə düşüb.
Helikopterlər hadisə yerində bir-birindən təxminən 100 metr məsafədə aşkar edilib. Onlardan biri Estoniyada, digəri isə Avstriyada qeydiyyatdan keçmişdi. Məlumata görə, helikopterlər Tallin şəhərindən havaya qalxaraq Finlandiyanın Kumo hava limanına istiqamətlənmişdi.
Hadisənin səbəbləri araşdırılır.