Rəsmi Kiyev: "Zelenski və Avropa liderləri Trampla telefonla danışıblar"

Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin 6-cı Sammiti çərçivəsində görüş keçirən Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, həmçinin Böyük Britaniya və Polşanın baş nazirləri Kir Starmer və Donald Tusk ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar.
TNS-in TASS-a istinadən xəbərinə görə, bu barədə Zelenskinin Ofisinin rəhbər müşaviri Sergey Leşenko "Telegram" kanalında yazıb.
"Prezident Zelenski, Prezident Makron, kansler Merts, baş nazirlər Starmer və Tusk Donald Trampla telefon danışığı aparıblar. Təfərrüat tezliklə məlum olacaq", - deyə o bildirib.
Sergey Leşenko həmçinin daha əvvəl ofisin rəhbəri Andrey Yermakın "Telegram" kanalında yerləşdirdiyi, beş siyasətçinin danışıqlar masası arxasında oturduğu şəkli də dərc edib.