Sabiq müdafiə naziri həbs edildi - FOTO

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili barəsində hökm çıxarıb.
TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, İ. Okruaşvili məhkəmə zalında həbs edilib.
İttihamçı tərəfin nümayəndəsi, prokuror Natia Tatiaşvilinin sözlərinə görə, Okruaşvilinin istintaq və məhkəmə orqanlarına münasibəti, həmçinin onun qanuni tələblərə əməl etməməsi bu qərarın verilməsində əsas rol oynayıb. Prokuror bildirib ki, sabiq nazir təyin olunmuş girovu müəyyən edilmiş müddət ərzində ödəməyib və zaminliyin şərtlərini pozub:
“Təqsirləndirilən şəxs məhkəmənin qərarını və hakimin qanuni tələbini nəzərə almayıb. Girov şərtlərinin pozulması ilə yanaşı, Okruaşvili digər müttəhimləri də girov məbləğini ödəməməyə və məhkəmə qərarlarına əməl etməməyə təşviq edib”, - deyə Tatiaşvili bildirib.
Qeyd edək ki, 2025-ci il aprelin 8-də Tbilisi Şəhər Məhkəməsi İrakli Okruaşvilinin parlamentin müvəqqəti istintaq komissiyasının iclasında iştirak etmədiyi üçün onun barəsində 20 min lari məbləğində girovla həbs qətimkan tədbiri seçmişdi. Lakin mayın 8-də girovla bağlı müddət başa çatsa da, sabiq nazir bu öhdəliyi yerinə yetirməyib.