Close

Holokostun ən məşhur şahidlərindən biri Qələbə Günündə dünyasını dəyişdi

Mayın 9-u - Faşizm üzərində Qələbə Günündə Holokostun ən məşhur şahidlərindən biri, almanəsilli Marqo Fridlender 104 yaşında vəfat edib.

TNS-in Almaniyanın NTV telekanalına istinadən xəbərinə görə, bu barədə onun adını daşıyan fonddan məlumat verilib.

Marqo Fridlender 1921-ci ildə Berlində yəhudi ailəsində anadan olub. İkinci Dünya müharibəsi zamanı o, nasist konsentrasiya düşərgələrinin dəhşətlərindən sağ çıxa bilib, lakin bütün ailəsi həlak olub. Müharibə bitdikdən sonra Marqo ABŞ-yə mühacirət edib və həyatının çox hissəsini orada keçirib.

Fridlenderə "Versuche, dein Leben zu machen" və ya "Öz həyatını qurmağa çalış" adlı avtobioqrafiya dünya şöhrəti qazandırıb. Qadın bu kitabda Holokost illərində yaşadıqlarını bütün dəqiqliyi ilə təsvir edib. Kitab bestseller olub və bir çox dillərə tərcümə edilib. 2010-cu ildə, 88 yaşında Marqo Almaniyaya qayıdıb və öz adına xeyriyyə fondu təsis edib ki, bu fond maarifləndirici fəaliyyətlə və Holokostdan sağ çıxanlara dəstək verməklə məşğul olub.

Antisemitizmə və irqçiliyə qarşı yorulmaz mübarizəsinə görə Marqo Fridlender bir çox mükafatlara, o cümlədən "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninə layiq görülüb. Bu ordenin böyük xaçının təqdim olunması mərasimi mayın 8-də baş tutmalı idi, lakin səhhətinin pisləşməsi nəticəsində Marqonun özünün xahişi ilə ləğv edilib.