Milyarder sərvətini bağışlayır- "Zəngin öldü" deyə bilməyəcəklər

“Microsoft”un qurucusu Bill Qeyts qarşıdakı 20 il ərzində böyük sərvətinin 99 faizini bağışlamağı düşünür.
TNS xəbər verir ki, o, bu barədə cümə axşamı yayımladığı bloq yazısında bildirib.
Qeyts, fondu vasitəsilə yardımı artıracağını və 2045-ci ildə onu bağlamağı planlaşdırdığını söyləyib.
"Mən öləndə insanlar mənim haqqımda çox şey deyəcəklər, amma "zəngin öldü" ifadəsi onlardan biri olmayacaq", - o qeyd edib.
69 yaşlı Qeyts, fondunun bu günə qədər sağlamlıq və inkişaf layihələrinə 100 milyard dollar bağışladığını və bazarlardan və inflyasiyadan asılı olaraq növbəti iyirmi il ərzində daha 200 milyard dollar xərcləməyi planlaşdırdığını vurğulayıb.
Milyarder şotland əsilli amerikalı iş adamı Endryu Karneqinin 1889-cu ildə yazdığı “Sərvət İncili” məqaləsindən sitat gətirib.
Məqalədə varlı insanların öz sərvətlərini cəmiyyətə qaytarmağa borclu olduqları iddia edilir.
“Bloomberg”ə görə, Bill Qeyts sərvətinin 99%-ni bağışlasa belə, yenə də milyarder ola bilər. Çünki “Microsoft”un qurucusu dünyanın beşinci ən varlı adamıdır.