Tramp onunla əlaqəni kəsdi- Yaxın Şərqdə tək ilərləyəcək

ABŞ-nin Yəməndə husilərlə atəşkəs əldə etməsi və İranla nüvə danışıqlarına başlaması Trampla Netanyahu arasında fikir ayrılığı yaradıb. Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqəni kəsib, Yaxın Şərqdə Netanyahusuz irəliləməyə qərar verib.
TNS xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, ABŞ-nin İranla nüvə danışıqlarına başlaması, milli təhlükəsizlik müşaviri Mayk Valsın vəzifədən uzaqlaşdırılması və nəhayət, Yəməndə husilərlə əldə olunan atəşkəs “Tramp və Netanyahu arasında problemə işarə” kimi şərh edilib.
İsrail Ordusu Radiosunun müxbiri Yanir Cozin bildirib ki, Tramp Netanyahunun onunla manipulyasiya etdiyinə dair şübhələrə görə əlaqəni kəsmək qərarına gəlib.
“Walla” xəbər saytında Netanyahu ilə Trampın münasibətlərini qiymətləndirən Barak Ravidin sözlərinə görə, husilərlə əldə olunan razılaşma Tramp və Netanyahu arasında ciddi koordinasiya və etibar problemini ortaya çıxarıb.
Ravid, İsrailin ABŞ və İran arasında yeni nüvə sazişi üzrə danışıqlara təsir imkanlarının indi olduqca məhdud göründüyünü, Təl-Əviv hökumətinin Husilərlə razılaşmanın heç bir mərhələsindən xəbərdar olmadığını qeyd edib.
İsrail rəsmilərinin “Tramp bizi təəccübləndirdi”, “Razılaşmanı televiziyadan eşitdik” kimi ifadələr işlətdiyinə diqqət çəkən Ravid, Netanyahunun ABŞ-la əlaqələri idarə etmək üçün təyin etdiyi Strateji işlər naziri Ron Dermerin İran, Qəzzaya hücumlar, humanitar yardım və məhbus məsələlərində uğursuzluğa düçar olduğunu qeyd edib.