İsrail Ordusu Yəmənə yeni zərbələr endirdiyini təsdiqləyib

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Yəmən ərazisinə yeni zərbələr endirib, ölkənin paytaxtı Sənadakı beynəlxalq hava limanı da hücuma məruz qalan hədəflər arasındadır.
TNS xəbər verir ki, bunu İsrail Ordusunun mətbuat xidməti təsdiqləyib.
Onların bəyanatına görə, hücumun hədəfi üsyançı husilərin obyektləri olub.
“Bir müddət əvvəl İsrail HHQ husilərin terror təşkilatının İsrailin Ben Qurion hava limanını atəşə tutmasına cavab olaraq Sənanın mərkəzi hava limanı ərazisində husilərə məxsus obyektlərinə hücum edib, infrastrukturu darmadağın edib və aeroportun fəaliyyətinin tamamilə dayandırılmasına nail olub”, - bəyanatın mətnində deyilir.
Hərbçilərin məlumatına görə, zərbələr hava limanında uçuş-enmə zolaqlarına, təyyarələrə və infrastruktura ziyan vurub. Ordunun mətbuat xidmətindən həmçinin xatırladılıb ki, bir gün əvvəl İsrail HHQ Yəmənin Hodeyda şəhərindəki limana eyni şəkildə hücum edib. İsrail tərəfinin iddiasına görə, hər iki halda söhbət terror infrastrukturunun dağıdılmasından gedib.
Hava limanından başaqa, Səna bölgəsindəki bir neçə elektrik stansiyası və paytaxtın şimalında yerləşən “Əli İmran” sement zavodu da aviazərbələrlə vurulub. “Bu zərbələr xəbərdarlıqlarla müşayiət olunub və mülki əhaliyə və mülki infrastruktura zərər vurma riskini azaltmaq üçün tədbirlər görülüb”, - İsrail ordusundan bildirilib.
Hərbçilər zərbələrin husi rejiminin hərbi və iqtisadi potensialını artırmaq imkanlarını daha da zəiflədəcəyinə əmin olduqlarını bildirib. “Son il yarım ərzində husi terror rejimi İranın göstərişi və maliyyəsi ilə İsrail dövlətinə və onun müttəfiqlərinə hücum etmək, regional sabitliyi pozmaq və qlobal naviqasiya azadlığını pozmaq üçün fəaliyyət göstərib. İsrail ordusu dövlətinin vətəndaşlarına qarşı bütün təhdidlərə qarşı istənilən məsafədən cavab verməyə davam etməkdə qərarlıdır", - mətbuat xidmətindən qeyd olunub.