Saziş imzalandı: hər 2 ölkənin qazancı nə olacaq?

ABŞ və Ukrayna arasında aylardır danışıqlar aparılan nadir torpaq elementləri sazişi aprelin 30-da imzalanıb.
TNS xəbər verir ki, müqaviləni ABŞ adından maliyyə naziri Skott Bessent, Ukrayna tərəfdən isə baş nazirin müavini Yuliya Svırıdenko imzalayıb.
Daha sonra Yuliya Svırıdenko “X hesabında paylaşım edərək xalqa müqavilənin müddəalarını izah edib.
Svırıdenko qeyd edib ki, saziş Ukraynanın yeraltı sərvətlərinə Qərb investisiyalarını cəlb etmək üçün yenidənqurma investisiya fondu yaradıb.
Tərəfdaşlığın 50/50 nisbətində olduğunu vurğulayan Svırıdenko, bunun ABŞ qarşısında heç bir borc öhdəliyi olmadığını əlavə edib.
Svırıdenko bildirib ki, saziş həm də hava hücumundan müdafiə sistemləri də daxil olmaqla yeni hərbi yardımlara zəmanət verir.
Qiymətli metallar üzrə sazişin Zelenskinin fevralda səfəri zamanı imzalanacağı gözlənilirdi. Lakin Tramp-Zelenski görüşü tarixi debata çevriləndə saziş imzalanmayıb.
Müqavilə mətninə nə daxildir?
Kreml hələlik razılaşma ilə bağlı açıqlama verməyib.
BBC-nin Şimali Amerika müxbiri Tom Bateman bildirir ki, Zelenski Vaşinqtondan əhəmiyyətli güzəştlər götürə bilib.
BBC-nin əldə etdiyi razılaşmanın mətninə görə, Ukraynanın təbii sərvətləri müqabilində ABŞ təhlükəsizlik yardımı göstərməyə borcludur.
Tramp 2022-ci ildən bəri ABŞ-nin verdiyi bütün hərbi yardımların geri qaytarılmasını tələb edir. Donald Tramp razılaşma ilə eyni gündə Ağ Evdə bu məbləğin 350 milyard dollar olduğunu iddia edib.
Digər diqqət çəkən məqam isə Ukrayna ilə həmrəylik nümayiş etdirən müqavilə mətninin dili idi.
Mətn “Rusiyanın hərtərəfli işğalına” istinad edir və “Rusiyaya maliyyə və hərbi dəstək verən heç bir dövlətin və ya fərdin Ukraynanın yenidən qurulmasından faydalanmasına icazə verilməyəcəyi” bildirilir.
Ukraynada nə qədər mədən var?
Ukraynada milyardlarla dollar dəyərində kömür, təbii qaz, neft və uran ehtiyatları, həmçinin litium və titan kimi kritik elementlər var.
Bunların dünyadakı "kritik xammal"ın 5 faizini təşkil etdiyi təxmin edilir.
Elektrikli avtomobillər üçün akkumulyatorların istehsalında istifadə edilən qrafit bunlardan biridir. Ukraynanın Coğrafiya Departamentinin məlumatına görə, ölkənin təsdiq edilmiş 19 milyon ton ehtiyatı Ukraynanı bu sahədə dünyada ilk beşliyə daxil edib.
Ukraynada müasir dünyanın mühüm məhsulları olan külək turbinlərinin, günəş panellərinin, elektron cihazların və silahların istehsalında istifadə olunan çoxlu nadir torpaq metalları da var.
Amma onların bir qismi Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində qalıb.
Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenkonun sözlərinə görə, işğal altında olan mədənlərin dəyəri 350 milyard dollardır.
Bu, faydalı qazıntıların çıxarılmasına yeganə maneə deyil. Münaqişə nəticəsində Ukrayna ərazisinin dörddə biri minalanıb. Hər hansı bir mədən fəaliyyətindən əvvəl bunları diqqətlə çıxarmaq lazımdır.