Close

10:46
09 May 2025

Kurskda ölən koreyalıların sayı açıqlanıb

Kursk vilayətində gedən döyüşlər zamanı 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub.

TNS xəbər verir ki, bu barədə “Reuters” Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin məlumatlarına istinadən bildirib.

Məlumatda göstərilib ki, KXDR hakimiyyəti Ukrayna münaqişə zonasına ümumilikdə 15 min hərbi qulluqçu göndərib. Şimali Koreya döyüşçüləri arasında ümumi itkilər yaralılar və ölənlər də daxil olmaqla, təxminən 4,7 min nəfər təşkil edib.

Eyni zamanda, Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvü Li Sonq Kvon jurnalistlərə deyib ki, KXDR əsgərlərinin Ukraynadakı döyüşlərdə iştirakı zamanı onların döyüş hazırlığı “xeyli yaxşılaşıb”.

"Şimali Koreya ordusu pilotsuz təyyarələr kimi yeni silahlardan istifadə etməyə öyrəşdikcə, daha az bacarıqsız hala gəliblər", - deputat qeyd edib.

Qeyd edək ki, aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ölkə prezidenti Vladimir Putinə Kursk vilayətinin Ukrayna qoşunlarından tam azad edilməsi barədə məruzə edib. Eyni zamanda, Rusiya hakimiyyəti bölgədəki döyüşlərdə KXDR-dən olan hərbçilərin də iştirak etdiyini təsdiqləyib.

Putinin sözlərinə görə, Şimali Koreya əsgərlərinin Kursk bölgəsinə göndərilməsi beynəlxalq hüquqa tam uyğun olub. O, Moskva və Pxenyanın 2024-cü ilin iyununda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi çərçivəsində hərəkət etdiklərini bildirib.