"Blekaut"un sirri - Kiberhücum, yoxsa şəbəkə nasazlığı?

İspaniyada baş verən elektrik təchizatının genişmiqyaslı kəsintisi ilə bağlı aparılan araşdırmalar hələlik kiberhücum ehtimalını təsdiqləmir.
TNS-in məlumatına görə, bu barədə ABC qəzeti, ölkənin kəşfiyyat xidmətindəki mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, həm Milli Kriptoloji Mərkəz, həm də Kibermüdafiə Rəhbərliyi insidentin arxasında kibermüdaxilənin olduğuna dair heç bir dəlil aşkarlamayıb.
Lakin o da qeyd edilib ki, bu, kiberhücumun tamamilə istisna edildiyi anlamına gəlmir.
Araşdırmalar hazırda başqa bir versiya üzərində cəmləşib: elektrik şəbəkəsinin ən zəif anında bərpaolunan enerji mənbələrinin qeyri-sabitliyi səbəbindən güclü gərginlik sıçrayışı baş verib.
Xatırladaq ki, hadisə aprelin 28-də, günorta saatlarında yaşanıb. Bütün ölkə üzrə elektrik kəsilib, işıqforlar sıradan çıxıb, qatarlarda insanlar qalaraq, ictimai nəqliyyat və xəstəxanaların fəaliyyəti pozulub. Elektrik təchizatı yalnız axşam saatlarında tədricən bərpa olunmağa başlayıb və hazırda vəziyyət sabitləşir.
Problem Portuqaliya, Yunanıstan və Fransanın bəzi bölgələrinə təsir etmişdi.