Yanacaq tankeri partladı: ölənlər və 60-a yaxın yaralı var - VİDEO

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində yanacaq tankerinin partlaması nəticəsində azı iki nəfər həyatını itirib, 56 nəfər isə yaralanıb.
TNS bu barədə "Associated Press"ə istinadla xəbər verir.
Bildirilir ki, hadisə Nauşki bölgəsində baş verib.
Yerli polis əməkdaşının sözlərinə görə, tankerdə əvvəlcə yanğın başlayıb və yanğınsöndürənlər müdaxilə etdiyi zaman partlayış baş verib.
Partlayış nəticəsində tanker sürücüsü və ətrafda toplaşan insanlar arasından bir nəfər həyatını itirib. Yaralananlar arasında yanğınsöndürmə xidməti əməkdaşları da var.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.