Konklav bu tarixdə olacaq

Vatikan kardinalların gələn ay yeni Roma Papasını seçmək üçün toplanacağını açıqlayıb.
TNS xəbər verir ki, iclas mayın 7-də Sikstin kapellasında bağlı qapılar arxasında başlayacaq və dünyanın müxtəlif ölkələrindən 135 kardinal iştirak edəcək.
Vatikanın sözçüsü Matteo Bruni bildirib ki, kardinallar əvvəlcə Müqəddəs Pyotr Bazilikasındakı kütləvi mərasimə qatılacaq, daha sonra səs vermək hüququna malik olanlar Sikstin kapellasında gizli səsvermə yolu ilə səs verəcəklər.
Yeni Papanın seçilməsi üçün kardinalların üçdə iki səs çoxluğu tələb olunur. Hər bir kardinal seçdiyi namizədin adını latın dilində “Mən onu Ali Papa kimi seçirəm” ifadəsi olan kartın üzərinə yazaraq səs verəcək. Üçüncü günün sonuna qədər Papa seçilməsə, kardinallar dua etmək və düşünmək üçün bir günlük fasilə verəcəklər.
Xatırladaq ki, 2005 və 2013-cü illərdə keçirilən son iki konklav cəmi iki gün davam etdi. Yeni Roma Papasının seçilməsinin nə qədər vaxt aparacağı hələlik qeyri-müəyyən olaraq qalır.