Close

General Moskalikin qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalikin qətlində şübhəli bilinən İqnat Kuzin Türkiyədə saxlanılıb.

TNS xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

“O, Moskvadan gəldikdən sonra İstanbulda saxlanılıb”, - deyə mənbələr bildiriblər.

21:20

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəisi general-leytenant Yaroslav Moskaliki öldürən kustar üsulla hazırlanmış partlayıcı qurğu trotil blokları, boltlar və mismarlardan yığılıb.

TNS xəbər verir ki, bu, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB)hadisə yerində lentə aldığı videoda da açıq görünür.

Kadrlarda partlayıcı qurğunun hissələri, onun doldurulduğu boltlar və mismarlar əks olunub.

Bundan başqa generalı avtomobilindən izləmək üçün istifadə olunan noutbuk, həmçinin mobil telefon da tapılıb.

19:38

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəisi general-leytenant Yaroslav Moskalikin ölümü ilə nəticələnən terror aktında şübhəli bilinən şəxs saxlanılıb.

TNS xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Moskalikinin terror aktı nəticəsində ölümü ilə bağlı cinayət işi çərçivəsində istintaq bu cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyənləşdirib. Onun Ukrayna xüsusi xidmət orqanlarının agenti, Ukraynada yaşamaq icazəsi olan 1983-cü il təvəllüdlü İqnat Kuzin olduğu üzə çıxıb.

Şübhəli Rusiya FSB-nin əməliyyat xidmətləri tərəfindən saxlanılıb. Cinayətin baş vermə şəraiti müəyyənləşdirilir, sübutlar toplanır.

Qeyd edək ki, aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volkswagen” avtomobili partladılıb. Güclü partlayış nəticəsində avtomobilin yaxınlığından keçən bir nəfərin həlak olduğu bildirilib. Rusiya mətbuatı bir qədər sonra partlayış nəticəsində həlak olan şəxsin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin olması barədə məlumat yayıb. 59 yaşlı general 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutub.