Dəfn edilməyə aparıldı, yolda "dirildi"

Bu yaxınlarda İspaniyanın Mayorka adasındakı Bunyola şəhərində daha çox mistik bir filmin süjetinə bənzəyən inanılmaz hadisə baş verib.
TNS xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Adı açıqlanmayan yerli sakin huşunu itirdiyi və həyat əlamətlərinin olmadığı üçün "Xuan Març" xəstəxanasının həkimləri səhvən onun öldüyünu bildiriblər.
Məlumata görə, tibb işçiləri xəstəni xilas etmək üçün bütün mümkün tədbirləri görsələr də, onların cəhdləri boşa çıxıb. Qadının rəsmən öldüyü elan edildikdən sonra o, morqa göndərilib. Qohumları dəfn sənədlərini hazırlamaqla məşğul olarkən qadın bir neçə saat yatıb.
Sonrakı hadisələr triller filmini xatırladıb. "Mərhum"un cənazəsi vida mərasiminə hazırlıq üçün "Son Valenti" dəfn evinə çatdırılıb. Müayinə zamanı qadının nəbzinin olduğunu aşkarlayan işçilər şoka düşüblər və sonra onun barmaqlarını tərpətməyə başladığını görüblər. Qorxuya düşən işçilər dərhal təcili yardım çağırıblar və "dirilən" qadın yenidən xəstəxanaya aparılıb.
Ancaq təəssüf ki, bu, xoşbəxt sonluqla bitən bir hekayə olmayıb. Həkimlərin bütün səylərinə baxmayaraq, qadın sonda dünyasını dəyişib. O, yenidən xəstəxanaya qəbul edildikdən sonra həkimlər onu reanimasiya etmək üçün bir neçə dəfə cəhd etsələr də, nəticəsi olmayıb. Ehtimal olunur ki, ölümün səhv elan edilməsinə səbəb xəstənin həddindən artıq gücdən düşməsi olub, buna görə nəbz demək olar ki, hiss olunmayıb.
Hazırda "Xuan Març de Bunyol" xəstəxanası ölümün təsdiq edilməsində səhvə gətirib çıxaran bütün halları müəyyən etmək üçün hadisə ilə bağlı daxili araşdırma aparır.