Trampın "gizli kardinalı"nın adı açıqlandı

ABŞ prezidentinin hazırkı administrasiyasında İdarəetmə və Büdcə İdarəsinin (OMB) fevral ayında təyin olunmuş rəhbəri Rassel Vout Donald Trampdan sonra Vaşinqtonda ən nüfuzlu şəxs hesab olunur.
TNS xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Mənbənin yazdığına görə, bu nüfuzun səbəbi onun hökumətin necə işlədiyini dərindən bilməsi və Trampa göstərdiyi sədaqətlə bağlıdır.
Vout federal hökumətin yenidən qurulmasını nəzərdə tutan, min səhifəlik "Layihə 2025" sənədinin müəlliflərindən biridir. Layihədə ABŞ Təhsil Nazirliyinin bağlanması, yüksək gömrük rüsumlarının tətbiqi və hətta ABŞ-nin Qrenlandiyaya nəzarəti kimi təkliflər yer alıb. Voutun əsas ideologiyası "vahid icra hakimiyyəti" nəzəriyyəsinə əsaslanır ki, bu da Trampa geniş icra səlahiyyətləri verilməsini nəzərdə tutur.
Trampın keçmiş müşaviri Stiv Bennon onu "Trampın hökuməti yenidən qurmasının əsas memarlarından biri" adlandırıb.
Məlumata görə, Vout milyarder İlon Maskla da sıx əlaqələr saxlayır. Onlar birlikdə istehlakçıların hüquqlarını qoruyan Federal İstehlakçı Maliyyə Bürosunun fəaliyyətini dayandırmağa çalışıblar.
Mask bu məsələ ilə bağlı açıq çıxışlar edərkən, işin əksər hissəsini Vout həyata keçirib. O, büroya ayrılan maliyyənin dayandırılması, ofisin bağlanması və 200-dən çox əməkdaşın işdən çıxarılması kimi addımlar atıb.
Qeyd edək ki, Rassel Vout Trampın birinci prezidentlik dövründə, 2019-2021-ci illərdə də OMB rəhbəri vəzifəsində çalışıb.