İran Trampdan zəmanət istəyir

İran Trampın yeni nüvə sazişindən çıxmayacağına dair zəmanət istəyir.
TNS xəbər verir ki, bu barədə “Reuters“ yüksək səviyyəli İran rəsmisinə istinadən məlumat yayıb.
"İran keçən həftə danışıqlarda Birləşmiş Ştatlara uranın zənginləşdirilməsi ilə bağlı bəzi məhdudiyyətləri qəbul etməyə hazır olduğunu, lakin Prezident Donald Trampın nüvə sazişindən bir daha imtina etməyəcəyinə dair təminatlara ehtiyacı olduğunu bildirib", - məlumatda qeyd edilib.
Mənbənin sözlərinə görə, İran nüvə proqramının dinc xarakter daşıdığına dair təminat vermək üçün bu prosesdə yeganə məqbul qurum kimi gördüyü BMT-nin nüvə agentliyi ilə işləməyə hazır olduğunu bildirib.
Qeyd edilib ki, Araqçi ABŞ tərəfinə bu əməkdaşlığın müqabilində Vaşinqtonun İranın neft və maliyyə sektorlarına tətbiq etdiyi sanksiyaları dərhal ləğv etməli olduğunu deyib.
"İran sentrifuqalarını ləğv etməyəcək, zənginləşdirməni sıfıra endirməyəcək və ya raket proqramı ilə bağlı danışıqlar aparmayacaq".
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların ilk raundu aprelin 12-də Maskatda Oman xarici işlər nazirinin evində aparılıb. Danışıqlara İran XİN rəhbəri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonla Tehran arasında aparılan danışıqlar müsbət istiqamətdə davam edir. Tehran-Vaşinqton danışıqlarının növbəti raundu sabah Romada davam etdiriləcək.