Close

Xamenei: "İranın problemləri danışıqlarla əlaqələndirilməməlidir"

Rəsmi Tehran bu danışıqlardan nə həddindən artıq nikbin, nə də həddindən artıq bədbin olmalıdır.

TNS “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei ali qanunverici, icraedici və məhkəmə orqanlarının yüksək vəzifəli rəsmiləri ilə görüşdə Omanda Tehran və Vaşinqton arasında birbaşa olmayan danışıqları birinci raundunu nəzərdə tutaraq bildirib.

Onun sözlərinə görə, Omandakı danışıqlar İran Xarici İşlər Nazirliyinin onlarla vəzifəsindən biridir.

Xamenei deyib ki, İranın problemləri danışıqlarla əlaqələndirilməməlidir: “Nəticə etibarilə, bu, qəbul edilmiş və ilk mərhələlərdə uğurla həyata keçirilmiş bir qərar, addımdır”.

O, 2015-ci il iyulun 14-də Əhatəli Birgə Fəaliyyət Planı üzrə Müqavilənin imzalanması zamanı yol verilmiş səhvləri xatırladaraq vurğulayıb: “Onda yol verdiyimiz səhv təkrarlanmamalıdır. Biz ölkəni danışıqların gedişindən asılı vəziyyətə salmışdıq”.

İranın ali rəhbəri söyləyib ki, iş adamları ölkənin danışıqlardan asılı olduğunu gördükdə sərmayə qoymayacaqlar.

Qeyd edək ki, aprelin 12-də Maskatda iki ölkə arasında Omanın vasitəçiliyi ilə görüş olub. Növbəti belə bir görüşün aprelin 19-da yenə orada keçirilməsi nəzərdə tutulub.