Səudiyyə Ərəbistanı bu ölkənin borclarını ödəyəcək

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkədə sabitliyin təmin edilməsi istiqamətində addımlar atılır. Digər dövlətlər illərdir, davam edən müharibə nəticəsində dağılan ölkənin bərpası üçün səylər göstərir. Bu addımlardan birini Səudiyyə Ərəbistanının atması gözlənilir.
TNS "Reuters”ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan borclarını ödəyəcək.
Nəşrin məlumatına görə, ötən ay Qətər də ölkənin elektrik enerjisinə ehtiyacını ödəmək üçün İordaniya üzərindən Suriyaya qaz tədarük etmək planını açıqlayıb. Buna ABŞ-nin razılıq verdiyi bildirilib.
Qeyd olunub ki, Suriyanın Dünya Bankına təxminən 15 milyon dollar borcu var. Bu borc bankın ölkə üçün yeni qrantlar və yardımlar ayırmasına mane olur.
Dünya Bankının nümayəndələri dünən Suriyanın maliyyə naziri Məhəmməd Yusr Berniyə ilə görüşüblər. Görüşdə iki tərəf arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə olunub. Berniye indiyədək Suriyaya tətbiq edilən beynəlxalq sanksiyaların hələ də aradan qaldırılmadığını diqqətə çatdırıb, bunun ölkənin maliyyə və bank sektoruna mənfi təsirlərini izah edib.