Close

23:04
12 Aprel 2025

İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB

İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən dolayı danışıqlar bir neçə dəqiqə əvvəl başa çatıb.

TNS xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Omanın xarici işlər naziri iki tərəf arasında fikir və təklifləri çatdıran mühüm vasitəçi rolunu oynayıb.

Əsas mövzular İrana qarşı sanksiyaların aradan qaldırılması yolları və Tehranın nüvə proqramı ilə bağlı müzakirələr ətrafında olub.

Tərəflər danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəliblər.

Qeyd edilib ki, iki saat yarımdan çox davam edən dolayı danışıqlar başa çatdıqdan sonra İran və ABŞ nümayəndə heyətlərinin başçıları Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar.

15:50

İran və ABŞ arasında dolayı danışıqların ilk raundu başlayıb.

TNS xəbər verir ki, bu barədə İran XİN sözçüsü İsmayıl Bəqayi bildirib.

Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqlar başlayıb.

Qeyd edilib ki, nümayəndə heyətləri ayrı-ayrı otaqlarda olacaq və Oman rəsmiləri mesajları çatdıracaq.