Close

Gürcüstan və ABŞ Amerikanın yeni administrasiyası ilə əməkdaşlığı müzakirə etdi

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri və Baş nazirinin birinci müavini Levan Davitaşvili və ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

TNS Gürcüstan KİV-ə istinadən xəbər verir ki, görüşdə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze və ABŞ səfirliyinin iqtisadi məsələlər şöbəsinin müdir müavini Diana Kosta da iştirak edib.

Səfirlə görüşdə L.Davitaşvili Gürcüstanın iqtisadi prioritetlərindən danışıb və bu kontekstdə hər iki ölkə üçün vacib olacaq imkanları vurğulayıb.

Tərəflər həmçinin ABŞ-nin yeni administrasiyasının elan etdiyi iqtisadi prioritetləri və müxtəlif istiqamətlərdə, o cümlədən innovasiya və texnologiya, ticarət, nəqliyyat və logistika, Orta Dəhliz, həmçinin enerji sektorunda investisiyaların təşviqi və əməkdaşlığın genişləndirilməsi üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda tərəflər iki ölkə arasında həyata keçiriləcək ticarət missiyalarının asanlaşdırılması məsələlərini müzakirə ediblər. Görüşdə bildirilib ki, yaxın aylarda bu missiyalar çərçivəsində Gürcüstan şirkətləri ABŞ-yə, Amerika şirkətləri isə Gürcüstana səfər edəcəklər və bu missiyalar Gürcüstanın İqtisadiyyat Nazirliyi və ABŞ-nin Gürcüstandakı Səfirliyi tərəfindən fəal şəkildə dəstəklənəcək.