Ölüm hökmündən bəraət almış şəxsə rekord təzminat ödənildi

Yaponiyada 50 ilə yaxın ölüm hökmünün icrasını gözləyən və yalnız ötən il bəraət alan müttəhim İvao Hakamataya 217 milyon yen (təxminən 2,4 milyon AZN - red.) maddi təzminat ödəniləcək.
TNS xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu, ölkə tarixində cinayət işi ilə bağlı ödənilən ən yüksək məbləğ kimi tarixə düşəcək. 89 yaşlı Hakamata 1968-ci ildə öz müdirini, müdirinin həyat yoldaşını və iki övladını öldürməkdə təqsirli bilinmiş və ölüm cəzasına məhkum edilmişdi. Lakin 2014-cü ildə işə yenidən baxılmasından sonra istintaqı aparan müstəntiqlərin məhkəməyə saxta dəlillər təqdim etməsi ilə bağlı şübhələr ortaya çıxıb və Hakamata məhkəmədən sərbəst buraxılıb.
Ötən ilin sentyabr ayında isə o Şizuoka şəhər məhkəməsi tərəfindən tam bəraət almışdı.