Ağ Ev Tramp və Putin arasında telefon danışığına dair bəyanat yaydı

Donald Tramp və Vladimir Putin Ukraynada enerji və infrastruktur atəşkəsinə dair razılıq əldə ediblər.
TNS xəbər verir ki, bu barədə Ağ Evin liderlərin danışığından sonra yaydığı bəyanatında qeyd olunub.
“Bu münaqişə heç vaxt başlamamalı idi və çoxdan səmimi və xoş niyyətli sülh səyləri ilə bitməli idi. Liderlər sülhə doğru hərəkətin enerji və infrastruktur atəşkəsi ilə, həmçinin Qara dənizdə atəşkəs, tam atəşkəs və daimi sülhün əldə edilməsi üzrə texniki danışıqlarla start verilməsi ilə başlamasına razılaşıblar. Bu danışıqlar tezliklə Yaxın Şərqdə başlayacaq”, - bəyanatda qeyd edilib.
Bəyanatda vurğulanıb ki, Tramp və Putin Ukrayna müharibəsində sülh və atəşkəsin əldə edilməsi zərurətindən danışıblar və hər iki lider bu münaqişənin davamlı sülhlə sona çatmasının vacibliyində razılaşıblar.
“Onlar həmçinin ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar. Həm Ukraynanın, həm də Rusiyanın bu müharibədə xərclədiyi qan və xəzinə yaxşı olardı ki, öz xalqının ehtiyaclarına xərclənərdi”, - bəyanatda qeyd edilib.